ADMİU-DA QARABAĞ HADİSƏLƏRİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB
 
ADMİU Rektoratlığı və tələbə heyəti baş verən hadisələrlə bağlı bu gün mitinq keçirib. Tədbir son günlərdə baş verən döyüşlərdə Şəhid olan qəhrəmanların ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İlk çıxış nitqini Universitetin rektoru professor Fərəh Əliyeva söyləyib. O, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Təhlükəsizlik iclasındakı sərəncamını tələbə və müəllim heyətinin diqqətinə çatdırıb. Çıxış zamanı gəncləri hər an döyüşə hazır olmağa və onlarda olan ruh yüksəkliyini qürurla qeyd edib. Daha sonra Universitetin tələbələrinə söz verilib. Kulturologiya fakültəsinin Müzeyşünaslıq və Arxiv işi ixtisası üzrə təhsil alan gənc fəal Ayxan Orucov Qarabağ müharibəsinin tarixi xronologiyasına toxunaraq , ermənilərin qəsdlə Azərbaycanın işğal altında olan ərazilərində mədəniyyət nümunələrini silməklə tariximizi silmək istədiklərini, əslində isə bizim onları tarixdən siləcək qədər güclü olduğumuzu qeyd edib. Daha sonra Rəssamlıq Fakültəsinin 3-cü kurs sənətşünas tələbəsi , gənc ictimai fəal Fidan Böyükbabalı nitq söyləyib. O çıxışı zamanı şəhid olmuş Samir Kaçayev haqqında səmimi söhbət edərək, gəncləri informasiya müharibəsində aktiv olmağa, həmçinin lazım gələrsə yaralı əsgərlərə qan verməyə səsləyib. Növbəti çıxışçı- Rəssamlıq fakültəsi 2-ci kurs tələbəsi Emil Ağayev də odlu, alovlu nitqi ilə hər an Dövlətimizin və Dövlətçiliyimizin arxasında yumruq kimi birləşib Qarabağ uğrunda döyüşlərdə canımızdan keçməyə hazırıq deyərək YAŞASIN AZƏRBAYCAN, YAŞASIN XALQIMIZ ifadələrini qürürla səsləndirib. II kurs tələbəsi Anar İbrahimov da biz Türkük və Qardaşlarımız bizə dəstəkdi deyərək döyüşə hazır olduğunu bildirib.  
Tədbir ANS televiziya kanalı vasitəsi ilə geniş ictimaiyyətə çatdırılıb.