Noyabrın 4-də Səbail rayon MKS-nın 3 saylı filialında Universitetimizin professoru, filologiya üzrə elmlər doktoru, yazıçı-dramaturq və publisist Aqşin Babayevə həsr olunmuş “Mənim ömrüm” adlı tədbir keçirilib.
A.Babayevin anadan olmasının 80 illiyi çərçivəsində baş tutan tədbirdə qonaqlar əvvəlcə yazıçının kitablarından ibarət sərgi ilə tanış olublar.
Tədbirdə N.Hikmət adına Uşaq Kitabxanasının müdiri Çərkəz Əliyeva çıxış edərək yazıçı-dramaturqun həyat və yaradıcılığından danışıb.
Tədbirdə “Maarif” nəşriyyatının direktoru İsmayıl Ələkbərov və Səbail rayon MKS-nın direktoru Nüşabə Ələkbərova çıxış edərək Aqşin Babayev yaradıcılığının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sonra Aqşin Babayevin “Nazim Hikmət qalaktikası” adlı kitabının təqdimatı keçirilib. Kitabın bir nüsxəsi Səbail rayon MKS-nın 3 saylı filialına hədiyyə edilib.
Tədbirdə Bakı şəhərindəki 49 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən A.Babyevin yaradıcılığından nümunələri səslənib, şagirdlərin maraq doğuran sualları cavablandırılıb.
Sonda Aqşin Babayev tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib, yaradıcılıq axtarışlarından danışıb.