16 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli şair Musa Yaqubla “Payız ətirli poeziya” adlı yaradıcılıq görüşü keçirilib. Qonağı əvvəlcə Universitetin prorektoru, professor Gülşən Əliyeva salamlayaraq onun universitetə təşrifindən böyük məmnunluq hissi duyduğunu qeyd edib. Söz sərrafları, şair və yazıçılarla tələbələrin görüşünün xüsusi əhəmiyyətə malik olduğunu deyib. Professor Nizaməddin Şəmsizadə Musa Yaqubun kövrək poeziyası haqqında danışarkən vurğulayıb ki, “Musa Yaqub hamıya doğma adamdır”. Hər şair hamıya doğma ola bilmir. Dünyanın ən böyük tənqidçilərindən biri Belinski deyib ki, şair sözü müqəddəs sözdü, bu sözdə ölməyən əbədi bir şöhrət var. Bu gün bizimlə görüşə gələn Musa Yaqub əbədi şöhrət sahibidir. O, əbədi şöhrəti əldə etmək üçün böyük bir ömür sərf edib. Azərbaycan ədəbiyyatında təbiətin fəlsəfəsini Musa Yaqub qədər ardıcıl və yüksək poetik səviyyədə ümumiləşdirə bilən şair yoxdur.. Onun yaradıcılığında poeziya ilə təbiət bir-birinə qovuşur.”
Universitetin qiraət ustaları – dosent Ağalar Bayramov və dosent Nadir Hüseynovun ifasında Musa Yaqubun poeziya nümunələri səslənib. ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələrinin ifasında səslənən xalq mahnıları, muğamlar görüşə xüsusi ahəng qatıb.
Şairlə tələbələr arasında maraqlı diskussiya qurulub. Şair hər tələbənin sualına ətraflı cavab verərək müəllifi olduğu şeirlərini də səsləndirib. Tələbələr belə görüşlərin onlar üçün böyük praktik əhəmiyyət kəsb etdiyini və bundan çox məmnun olduqlarını dilə gətirərək, belə şəraitin onlar üçün yaradılmasında əməyi olan şəxslərə minnətdarlıq hisslərini bildiriblər. Musa Yaqub “Dövrün dəyirmanı” adlı kitabını oxuculara təqdim edib.
Sonda şair təşəkkür nitqi ilə çıxış edərək bu kitabı “80 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə verdiyi dəyər, hesabat kimi qiymətləndirib”. Tədbir Musa Yaqubun ifasında “Çıxım gedim” adlı yeni şeiri ilə yekunlaşıb.