Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Yaradıcı Tələbələr Klubunun (YTK) birgə ərsəyə gətirdikləri “Söz duyğusu Sənət sevdası” adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda layihənin rəhbəri, prorektor Gülşən Əliyeva, tərtibçi və redaktor Zakir Abbas, professor Aqşin Babayev, dramaturq, dosent Əli Əmirli, professor müəllim heyəti və tələbələr iştirak ediblər.
Qeyd etmək lazımdır ki, bu kitab YTK-nun çap etdirdikləri artıq ikinci kitabıdır. Tədbirdə Professor G.Əliyeva çıxış edərək bu kitabda gənc yazarların ürkək addımlarına şahid olur, onları həvəsləndirməyə, ruhlandırmağa hazır olduqlarını bildirdi. Gələcək yaradıcılıq taleylərinin isə onların öz əllərində olduğunu qeyd etdi. Müxtəlif ədəbi janrda olan şeirlər, hekayələr, esselər, ssenarilərin yer aldığı bu kitabın əhəmiyyətindən danışdı.
Digər müəllimlər də tələbələrə uğurla yol arzulayıb öz tövsiyələrini əsirgəmədilər. Bütün çıxış edənlər gənc istedadların ədəbi mühitə can atmaq, tanınmaq və söz sahibi olmaq həvəsini rəğbətlə qarşıladı. Söz tələbələrə verildi. Müəlliflər indi daha yaxşı yaza bildiklərini, bu həvəsləndirici aksiyanın bəhrəsini gördüklərini qeyd etdilər. Müəllimlərinə təşəkkür etdilər. Sonda gənc yazarlar kitabları imzalayaraq digər tələbə yoldaşlarına hədiyyə etdilər.