Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində “ İqtisadçı Tələbələrə Dəstək “ İctimai Birliyi və UNEC Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “I Universitetlərarası Ana dili” müsabiqəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova qonaqları salamlayaraq müsabiqənin önəmi haqqında zala toplaşanlara məlumat verib. Daha sonra “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədri Səməd Rzazadə iştirakçılara uğurlar arzu edərək tələbələrin həmrəy olmasının vacibliyini vurğulayaraq onlara birlikləri üçün minnətdarlığını bildirib.
Tədbirdə münsiflər heyəti qismində filoloq, elmlər doktoru, professor Zahid Xəlil, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Zaur Əmiraslanov, yazıçı ssenarist, “Ulduz” jurnalının nəsir-poeziya şöbəsinin redaktoru Vüsal Nuru və “Azəri Star” layihəsinin laureatı Aygül Məmmədova çıxış ediblər.
Müsabiqədə 17 universitetin tələbələri iştirak edirdilər. ADA, ADBTİA, ADDA, UNEC, ADMİU, ADNSU, ADPU, DİA, AƏSMA, BANM, BAU, BBU, BDU, BSU, GDU, OYU və SDU universitetin tələbələri qeyd olunan ardıcıllıq ilə öz çıxışlarını başa vurublar. Çıxışlardan sonra münsiflər heyəti və “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin say komissiyasının üzvləri birlikdə səsləri hesablayaraq qalibləri elan ediblər.
Sonda I,II və III yerlərin sahibləri diplom və pul mükafatı ilə təltif olunub. Peşəkar münsiflərin verdiyi ballara əsasən şeir kateqoriyası üzrə I yerə ADMİU tələbəsi Ümman Budaqov (Ataya məktub), II yerə UNEC tələbəsi Bayramov İqbal (Bayraq), üçüncü yerə isə SDU tələbəsi Rəfiyev Əliyar (Vətən) layiq görülüblər. Mahnı kateqoriyası üzrə isə I yerə UNEC tələbəsi Aslan Əzimzadə (Sevgili canan), II yerə ADMİU tələbələri Səlimov Azər, Xanlarov Ağayar, Xanlarov Cahandar (Segah təsnifi), üçüncü yerə isə OYU tələbəsi Məmmədhəsənov Ənvər (Limanlar) layiq görülüblər.
Qeyd edək ki, müsabiqənin şərtlərinə əsasən hər kateqoriya üzrə I yerin qalibinə - 500 manat, II yerin qalibinə - 300 manat, üçüncü yerin qalibinə isə 150 manat mükafat təqdim edilib.