23 dekabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əməkdar artist, dosent Mirnazim Əsədullayevə həsr olunmuş “Sənətə Sədaqət” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Rəfael Hüseynov çıxış edərək vurğulayıb ki: “Mirnazim Əsədullayev tanrının sevimli bəndələrindəndir ki, payına həm yaxşı sənətkar, həm yaxşı insan olmaq xoşbəxtliyi düşüb. O, mənəviyyatca nə qədər dürüstdürsə, həyatı uzunu saf insani keyfiyyətlərə nə qədər sədaqətli olubsa, eyni vəfa və etibarı qəlbinin min bir teli ilə bağlandığı musiqiyə, muğama, kamançaya da göstərib.” Ardınca universitetin Tədris işləri üzrə prorektoru, professor Validə Məmmədova, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva təbrik nitqləri ilə çıxış ediblər.
Kitabda Mirnazim Əsədullayevin həyat və sənət yolundan, ustadın yetirmələrindən, yaradıcılıq-ifa işlərindən və müdrik ailə başçısı olmasından yazılıb, onun haqqında fikirlər söyləyən və xatirələrini bölüşən şəxsiyyətlərin müsahibələri qeyd olunub.
Daha sonra M.Əsədullayev,kitabın ərsəyə gəlməsində zəhməti olanlara, tədbirin təşkilatçılarına, gələn qonaqlara və universitet rəhbərliyinə öz dərin təşəkkürü bildirib. Tədbir, “Musiqi sənəti” fakültəsinin tələbələrinin musiqi ifaları ilə davam edib.