28 dekabr 2016-cı il tarixində NUR ART House Qalereyasında “KEÇMİŞDƏN SABAHA” adlı proqram-sərgi öz işinə başladı. Proqram-sərgidə “Lətif Kərimov”un müxtəlif texnika ilə portretləri, xalçalar, çətən və xalça ornamentləri üzərində qurulmuş xalq tətbiqi sənət nümunələri nümayiş etdirilən “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin üzvləri: tanınmış xalçaçı-rəssamlar, ölməz Lətif Kərimov məktəbinin davamçıları, yaratdıqları əsərlərlə Azərbaycan xalçasının klassik ənənələrinə yeni ruh verən və sənəti öyrətməkdən usanmayan, bu yaxınlarda fərdi sərgisi keçirilmiş Eldar Hacıyevin, Azərbaycanda çətən sənətini yaşadan və gənclərimizə yorulmadan aşılayan xalçaçı-rəssam Tariyer Bəşirovun, ölkəmizin incəsənət tarixində özünəməxsus yeri olan və məişətində dərin iz buraxan keçəçilik sənətini yaşadan rəssam Rauf Əbdulhüseynoğlunun, hər ilməsi bir zəriflik nümunəsi olan, tikmələri göz oxşayan Şəhla xanım Əsgərovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsində rəssam, xalçaçı-rəssam, dizayner və sənətşünas ixtisasları üzrə təhsil alan tələbələrlə görüşünü açan sənətşünaslıq doktoru, professor Röya xanım Tağıyeva Azərbaycan xalça sənətinin özəlliklərindən danışmaqla yanaşı ustadlarımızı gənclərimizə təqdim etdi. “Ustaddan öyrənək” devizi altında gənc sənətşünasların ustadlardan götürdükləri müsahibələr əsərə və sənətkara yanaşma qaydalarını, dizaynerlərə ideyanın təqdimatında önəmli amilləri, xalçaçı-rəssamlara texnikanın sirlərini, xalq-tətbiqi sənəti ilə maraqlananlara isə Azərbaycanda geniş yayılmış tikmə növləri hhaqqında məlumatları, rəmzləri, ornamentləri fərqləndirməyin yollarını öyrətdi.
Proqram-sərgi çərçivəsində həyata keçirilən ilk tədbir həm də sərginin təşkilində, tərtibatında yaxından iştirak edən ADMİU-da dizayner ixtisası üzrə təhsil alan tələbələr – Fərid Qəhrəmanlıya, Teyyub İskəndərzadəyə və Zaur Əliyevə 2012-ci ildən YUNESKO-da akkreditasiya olunmuş “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin sertifikatlarının təqdimatı ilə yadda qaldı.
“Ustadlardan öyrənək” tədbiri ilə başlanan “KEÇMİŞDƏN SABAHA” proqram-sərgisi silsilə “ustad dərsləri”, seminar və mühazirələrlə davam etməklə sənətkarlarla sənətsevərlərin mükalimə meydanına, sənət və uğur sirlərinin paylaşıldığı məkana, həvəskarların məşğuliyyətinə, sənətdə ilk addımlarını atanların peşəkarlaşmasına, ustadların isə təcrübələrini bölüşdükləri platformaya çevrilməkdədir.
NUR Art House Qalereyasında proqram-sərgi çərçivəsində təşkil olunacaq növbəti görüş 3 yanvar 2017-ci il tarixində saat 13.00-də “Azərbaycan Xalçaçıları” İctimai Birliyi üzvlərinin iştirakı ilə “Azərbaycan xalçasının inkişafı və beynəlxalq miqyasda tanınması” məsələlərinə həsr olunacaq.
Həmişəyaşar Azərbaycan xalçasının vurğunlarını, incəsənətin bu zərif növünə maraq göstərib, onun inkişafına töhfə vermək istəyənləri İçərişəhərdə, Qəsr küçəsi, 27 ünvanında yerləşən NUR Art House Qalereyasında qarşılamaqdan böyük zövq alacağıq.