Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində dekabr ayının 29-dan başlayan payız semestrinin imtahan sessiyası davam edir. İmtahanlar iki növbə olmaqla saat 9-da və 2-də keçirilir.
İmtahanların nizam-intizamla, şəffaf keçməsi üçün Universitetin rektoru professor Fərəh Əliyeva tapşırıqlarını verib, mütəmadi olaraq imtahanların gedişatını şəxsən izləyir. Qeyd edək ki, imtahan cədvəlləri tədris planlarına əsasən tərtib edilib, imtahan sessiyası çoxballı sistem əsasında həyata keçirilir. Tələbələrin imtahana hazırlaşa bilməsi üçün imtahanlararası vaxt 2 gündən az olmayaraq müəyyən olunub.
İmtahanların ümumi sayı Musiqi sənəti fakültəsində bakalavr pilləsi üzrə 189, magistr pilləsi üzrə 65, Teatr sənəti fakültəsində bakalavr pilləsi üzrə 249, magistr pilləsi üzrə 39, Kino və televiziya fakültəsində bakalavr pilləsi üzrə 147, magistr pilləsi üzrə 44, Kulturologiya fakültəsində bakalavr pilləsi üzrə 144, magistr pilləsi üzrə 60 və Rəssamlıq fakültəsində bakalavr pilləsi üzrə 248, magistr pilləsi üzrə nəzəri 35 təşkil edir.
İmtahanlar zamanı yaşanan, daxil olan hər bir şikayət qısa müddətdə araşdırılıb lazımi tədbir görülməsi və eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün apelyasiya komissiyası fəaliyyət göstərir. İmtahanlarda valideynlərin iştirak etməsi üçün də hər bir şərait yaradılıb.
2016-2017 payız semestri imtahan sessiyasında ümumilikdə 2284 nəfər olmaqla - Musiqi sənəti fakültəsindən 416, Teatr sənəti fakültəsindən 466, Kino və televiziya fakültəsindən 350, Kulturologiya fakültəsindən 686, Rəssamlıq fakültəsindən isə 366 nəfər iştirak edir.
İmtahan sessiyası yanvar ayının 31-nə qədər davam edəcək.