Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Fərəh Əliyeva aprel ayında Özbəkistanda səfərdə olub. Səfər çərçivəsində rektor “Orta Şərq alimləri və mütəfəkkirləri tarixi irsində mədəniyyət və incəsənət problemləri” Beynəlxalq elmi-praktiki konfransında Azərbaycan musiqi mədəniyyəti: ənənələr və müasirlik mövzusunda maraqlı məruzə ilə çıxış edib. Səfər zamanı Fərəh Əliyeva Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru ilə görüşərək, İnstitutla, onların tədris sistemi, təhsil prosesi ilə yaxından tanış olub. Görüşdə universitetlərarası elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib, İnstitutun nəzdində fəaliyyət göstərən pedaqoji kadrların kvalifikasiyalarının artırılması və hazırlığı Mərkəzi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında yaradıcı əməkdaşlıq memarandumu imzalanıb. Səfər çərçivəsində rektor Özbəkistan Dövlət Konservatoriyası ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında da elmi və mədəni qarşılıqlı əlaqələr mübadiləsi aparmaq üçün əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən hər iki Universitet arasında müəllim tələbə mübadiləsi, birgə konsertlərin, konfrans, tədbir, yaradıcılıq gecələri, ustad dərsləri, ifaçılıq müsabiqələrinin və s. təşkili nəzərdə tutulub.