ADMİU-NU MÜƏLLİMİ BMT-NİN SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMUNDA İŞTİRAK EDİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Dilarə Müzəffərli 25-27 aprel tarixlərində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edib.
“İnklüziv Cəmiyyətlərdə Birgəyaşayış: Çağırış və Məqsəd” şüarı altında keçirilən forum çərçivəsində aprelin 25-də Bakı Konqres Mərkəzində “ideyalar yarmarkası” və gənclərin foto-sərgisinin açılışı olub. Tədbirdə eyni zamanda D.Müzəffərlinin müəllifi və rəhbəri olduğu “Tolerant Azərbaycan gənci” təsviri sənət sərgisi də təşkil edilib. Üç gün davam edən sərgidə digər iştirakçılarla yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin tələbələri Aytən Xanlarova, Aygün İlyasova, Gülşən Qasımova, Nigar Vəliməmmədovanın əsərləri də yer alıb.
Sərgidə yerli və xarici dövlət və hökümət rəsmiləri iştirak ediblər. Sərgi ilə tanış olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, BMT-nin baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi “Tolerant Azərbaycan gənci” layihəsini yüksək qiymətləndirərək Azərbaycan gənclərinə bu istiqamətdə uğurlar arzulayıblar.
Qeyd edək ki, “Tolerant Azərbaycan gənci” layihəsinin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın “təsvir dili” ilə geniş ictimaiyyətə çatdırılması fəaliyyətinə yaradıcı gənclərin cəlb olunması və Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatıdır. Sərgi ekspozisiyasına daxil olan əsərlər təsviri sənətin müxtəlif növlərində və fərqli üslublarda yaradılsa da hər biri özündə müasir Azərbaycan gəncinin inancından, əqidəsindən, millətindən asılı olmayaraq hər kəsə bərabər hüququn verilməsi, tolerantlıq, dözümlülük ilə bağlı düşüncələrini əks etdirir.
Azərbaycan Respublikasını Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Tolerant Azərbaycan gənci” layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi ötən il ərzində Bakıda Azərbaycan Rəssamlar İttifaqında (19.05.2015), Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində (09.06.2015), Bakıda keçirilən 1-ci Avropa Oyunları zamanı Atletlər kəndində (22.06.2015), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (23.09.2016) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən 16 noyabr - Beynəlxalq Tolerantlıq günündə Kempinski Otel Badamdarda (16.11.2015) təşkil edilib.