May ayının 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “İnstrumental ifaçılıq” kafedrasının müəllimi Sevda Axundovanın sinif konserti keçirilib.
Sevda Axundova öz işgüzarlığı və işinə məsuliyyətli yanaşması, o cümlədən kafedranın hər il verdiyi hesabat konsertlərində hazırladığı tələbələrin çıxışı ilə müvəffəqiyyət qazanmışdır. Həmçinin 2015-ci ildə Macaristanın Boloton və Vesperm şəhərlərində “Renessans” başlığı altında keçirilən 15-ci Beynəlxalq yubiley müsabiqəsində tələbələri Səmədli Jalə, Qasımlı Nərmin II yerə layiq görülmüşdür. Daha sonra 2016- cı ildə Universitet daxilində və xaricində keçirilən tədbirlərdə tələbəsi Bağırbəyov Fuad öz ansamblları ilə birgə müxtəlif caz kompozisiyaları ilə fəal şəkildə iştirak etmişdir. 2016-cı ildə ADMİU- da keçirilən “Fransız musiqi konserti”ndə tələbələri Səmədli Jalə - Erik Alfred Leslie Satinin “Prelüd”, Bağırbəyov Fuad – Michel Petruchiari – “East of ballad” əsərini uğurla ifa etmişlər.
May ayının 4-də “Musiqi sənəti” fakültəsinin konsert zalında S.Axundovanın tələbələrindən ibarət konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri f-no dueti şəklində Universitetın müəllim və tələbə heyətinin diqqətinə çatdırılmışdır. Belə ki, konsertin ilk nömrələri İ.S.Baxın “Zarafat” adlı 2 №-li orkestr süitası və İlham Abdullayevin “Qəmgin vals” adlı əsəri “İnstrumental ifaçılıq” kafedrasının III kurs tələbəsi Şıxəliyeva Ülkər və IV kurs tələbəsi Hacılı Aygün tərəfindən təqdim olunub.
Digər f-no dueti kafedranın III kurs tələbələri Səmədli Jalə, Beynəlxalq müsabiqələr laureatı Qasımlı Nərmin tərəfindən ifa olunub. Onlar A.Məlikovun “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları” və “Skertso”nu dinləyicilərin diqqətinə çatdırılıb.
Konsertin davamında kafedranın II kurs tələbələri Hacılı Günel və Beynəlxalq Müsabiqələr laureatı Dinikayeva Natavan A.Dvorjakın “Slavyan rəqsi”ni ifa ediblər.
Sinif konsertinin zirvə nömrəsi Sevda Axundova və onun II kurs tələbəsi Bağırbəyov Fuad tərəfindən ifa olunan dünya caz musiqisinin incilərindən olan P.Desmondun “Take five” adlı caz kompozisiyası olub.
Sonda yer alan f-no dueti F.Əmirovun “Min bir gecə” baletindən “Oxatanlar”, “Bağdad bazarı”, “Şəhriyar və Şəhrizadın dueti”, “Şəhrizad”, “Mərcanənin rəqsi” adlı nömrələri kafedranın III kurs tələbələri Qasımlı Nərmin və Səmədli Jalə tərəfindən xüsusi şövqlə dinləyicilərin diqqətinə çatdırılıb. Konsert Universitetin müəllim və tələbə heyəti tərəfindən alqışlar və müvəffəqiyyətlə qarşılanıb.