Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə professor-müəllim heyəti və Kulturologiya fakültəsinin I, II kurs Sosial iş, II kurs Sosiologiya ixtisası tələbələri Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində beynəlxalq standartlara uyğun olan Denver II skrininq test təlimində iştirak ediblər.
Təlim çərçivəsində tələbələr insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının 13.4.1 bəndinin icrası məqsədi ilə regionlarda sosial-psixoloji aspektlərin öyrənilməsi və bu halı yaradan səbəblərin müəyyənləşdirilməsi üçün Göygöl rayonu Balçılı kəndində keçirilən sorğularda iştirak edib, təcrübə qazanıblar.
Tələbələr həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin rəhbərliyi altında “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə re inteqrasiyası üzrə Dövlət Proqramı”nın 4.1.3 bəndinin icrası məqsədi ilə sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması üçün təşkil edilən tədbirdə iştirak edib, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərlə tanış olublar.
Təlim çərçivəsində tələbələr Göygöl, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə, SOS Uşaq Kəndləri Gəncə ofisinə, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının Gəncə ofisinə, həmçinin Gəncə Məişət Zorakılığı qurbanları üçün olan sığınacağa səfərlər edərək, mərkəzlərdə həyata keçirilən sosial fəaliyyətlərin istiqamətləri haqqında geniş məlumatla yaxından tanış olub və praktik işləri müşahidə ediblər.