Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Cəfər Cabbarlı komissiyası və "Aqra" Elmin İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə mərhum alim, şair-publisist Əjdər Fərzəlinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri ilə yanaşı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs SABAH qrupu tələbəsi, Beynəlxalq müsabiqə qalibi Hüseynağa Aslanov da iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Ə.Fərzəlinin həyatı, yaradıcılığı haqqında məlumat verib və alim-şairin irsinə 19 kitab, 300-dən çox elmi məqalənin daxil olduğunu bildirib.
AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli “Əjdər Fərzəlinin elmi və bədii yaradıcılığı” mövzusunda məruzəsini təqdim edib, ədibin həyatı boyunca milli ruh axtarışında olduğunu, dağlara və çaylara yerli toponimlərin verilməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Daha sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Milli Məclisin deputatı Aqil Abbas, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor Buludxan Xəlilov, şair-publisist Əli Rza Xələfli və başqaları Ə.Fərzəlinin yaradıcılığından, elmi-ədəbi xidmətlərindən danışaraq onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirin bədii hissəsi Teatr və kino aktyoru ixtisasında təhsil alan tələbə Hüseynağa Aslanovun ifasında Ə.Fərzəlinin şeiri ilə davam edib.