11 iyul 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində növbəti Elmi şura iclası keçirilib. Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva şura üzvlərini salamlayaraq və 3-7 iyul tarixində Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilmiş “Renessans” Beynəlxalq Festivallar çərçivəsində “XVII Balaton-Youth-Art” festival-müsabiqəsindən uğurla dönən, ölkəmizi layiqlə təmsil etdiklərinə görə orada iştirak edən Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, dosent Səbinə Mehdiyeva, dosent Zəhra Qarayeva və tələbələr Pərvin Paşazadə, Aysun Qənbərovanı təbrik edib.
Daha sonra Elmi şura iclası fakültə dekanlarının 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının və yekun dövlət attestasiyasının nəticələri barədə məlumat verilməsi ilə davam edib.
Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Məryam Əlizadə Apelyasiya komissiyasının fəaliyyətinin nəticələri, Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin müdiri Nizami Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 №li qərarının ADMİU-da yerinə yetirilməsi ilə bağlı, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva Universitetdə 2016-2017-ci tədris ilində beynəlxalq əlaqələrlə bağlı görülmüş işlər, magistraturaya qəbul üçün məsul Nəzirə Əliyeva 2017-2018-ci tədris ili üçün magistraturaya qəbulun nəticələri və Bədii Şuranın sədri, professor Fikrət Sultanov 2016-2017-ci tədris ili üçün Bədii Şuranın hesabatı haqqında çıxış ediblər. Sonda cari məsələlər üzrə müzakirələr olunub.