14 sentyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elmi Şura iclası keçirilib. Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva şura üzvlərini salamlayaraq, yeni tədris ilinin başlanması münasibəti ilə professor-müəllim heyətini təbrik edib. İclasda Tələbə qəbulu üzrə məsul katib Səyavuş Məhişov və sənəd qəbulu üzrə məsul şəxs Nəzirə Əliyeva bakalavr, magistr pillələrinə tələbə qəbulunun nəticəsi haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, 2017-2018-ci tədris ilində Universitetə bakalavr pilləsi üzrə ümumi 471 abituriyent, fakültələr üzrə isə - Kulturologiya fakültəsi 122, Musiqi sənəti fakültəsi 92, Teatr sənəti fakültəsi 73, Kino və televiziya fakültəsi 54, Rəssamlıq fakültəsinə 130 abituriyent qəbul olunub.
Magistr pilləsi üzrə ümumi 70 abituriyent, fakültələr üzrə isə - Kulturologiya fakültəsi 14, Musiqi sənəti fakültəsi 28, Teatr sənəti fakültəsi 3, Kino və televiziya fakültəsi 9, Rəssamlıq fakültəsinə 16 abituriyent qəbul olub.
Daha sonra iclas - fakültə dekanlarının illik hesabat çıxışları, 2017-2018-ci tədris ili üçün dərs yüklərinin təsdiqi, ADMİU-da struktur dəyişiklikləri və cari məsələlərin müzakirəsi ilə davam edib.