YAP YASAMAL RAYON TƏŞKİLATINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEV ANILIB
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı Gənclər Birliyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən YAP Yasamal Rayon Təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gənclər siyasətindən söz açıb.
O qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul işçisi və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvü Rahu Qurbanova gənclərin dövlətə vətənə sadiqliyindən söz açıb. O söyləyib ki, gənclər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasın uğurla davam etdirməlidir. Bu baxımdan gənclərin üzərinə ağır vəzifə düşür.
Daha sonra çıxış edən Lalə Səlimzadə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dünyaya səs salan liderlik keyfiyyətlərindən söz açıb. O dünya liderlərinin Heydər Əliyev haqqında səsləndirdiyi fikirləri gənclərin diqqətinə çatdırıb.