Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Ərturan Nəcəfinin “Səs” qısametrajlı bədii filmi növbəti uğura imza atıb. Belə ki, film Bosniya və Hersoqovinanın Pale şəhərində keçirilmiş XI Jahorina Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlər bölməsində "Golden Mapple” (birinci mükafat) mükafatına layiq görülüb.
Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), operatoru Medi Meyməndi, prodüseri isə Fariz Əhmədovdur (ADMİU). Çəkilişləri Cənubi Azərbaycanda aparılan film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edir. "Səs" filmi yaxın zamanlarda Gürcüstan, Türkiyə, Rusiya, İran və digər ölkələrdə keçiriləcək festivalların nümayiş proqramına daxil edilib. Qeyd edək ki, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alan Ərturan Nəcəfinin diplom işi olub.