Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bu dəfəki qonağı Kurnaqazi adına Qazaxıstan Milli Konservatoriyasının professoru, "Musiqi təhsili və pedaqogika” kafedrasının müdiri Kaliakbarova Lyalya Tokenova və kafedranın baş müəllimi Şabdenova Dariya Raximalievna olub.
Belə ki, Qazaxıstan Milli Konservatoriyasının əməkdaşları 9-13 oktyabr tarixləri ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Musiqi Akademiyasında yeni açılan Musiqi müəllimliyi ixtisası, orada tədris olunan fənlər, qəbul zamanı tələb olunan bilik və bacarıqlar haqqında geniş şəkildə fikir mübadiləsi aparılması üçün ali təhsil ocaqlarının professor-müəllim heyəti ilə görüşüblər.
ADMİU-nun Beynəlxalq işlər üzrə prorektor professor Gülşən Əliyeva, Musiqi sənəti fakültəsinin dekanı professor Ceyran Mahmudova, Estrada kafedrasının müdiri Məryəm Babayeva, İnstrumental ifaçılıq kafedrasının müdiri dosent Səbinə Mehdiyeva və başqaları ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı Laçın Həsənova, Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayeva ilə Musiqi müəllimliyi ixtisasının tədrisi üçün yeni maraqlı tədris proqramlarının işlənilməsi, fərqli yanaşma və s. üzərində birgə, qarşılıqlı təcrübə, orta ümumtəhsil məktəbində Musiqi müəllimi ixtisasının peşə kompitensiyaları haqqında fikir mübadiləsi aparmaqla lazım olan fənlərin tətbiqi, müasir suallara cavab verən standartların müzakirəsi və müqayisəsi əsasında fikir mübadiləsi aparıblar.
Qonaqlar son gün Universitetin professor-müəllim heyətinin iştirakı ilə keçirilən görüşdə rektor, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tərəfindən sertifikat ilə təltif olunublar. Gələcək işlərində və Universitetimizlə bağlı olan əməkdaşlıqda müvəffəqiyyətlər arzulanıb.
Həmçinin mədəni proqram çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini, Fəxri xiyabanı ziyarət edib, Universitetin müəllimi, bəstəkar-pianoçu Pikə Axundovanın Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertində iştirak ediblər.
Qeyd edək ki, ADMİU-da keçirilən görüş zamanı ölkələr arasında elmi, mədəni əlaqələri daha da möhkəmlətmək, yeni yaradıcı mühitin yaradılması, müəllim və tələbələrin fəaliyyətlərinin daha da genişlənməsi, inkişaf etməsi məqsədi ilə hər iki təhsil ocağı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.