24-25 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində böyük dramaturq, görkəmli şair Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq Hüseyn Cavidin Azərbaycan mədəniyyətinin, tarixinin və bu gününün ayrılmaz parçası olduğunu, yaradıcılığında vaxtilə toxunduğu problemlərin yalnız bədii müstəvidə deyil, bu günkü mənəvi və siyasi həyatımızda baş verən proseslərə də işıq saldığını bildirib. Rektor Hüseyn Cavidə həsr olunmuş tədbirlərin, konfransların artıq bir çox elm və yaradıcılıq müəssisələrində, məktəblərdə qeyd olunduğunu vurğulayıb.
Sonra AMEA-nın vitse prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, akademik Rafael Hüseynov da öz növbəsində görkəmli şairin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, iki bölmədən ibarət olan beynəlxalq elmi-praktiki konfransda Azərbaycan, Türkiyə, İran, Misir, Özbəkistan, Rusiya və Bolqarıstandan qatılan məruzəçilər ilə yanaşı Universitetin professor-müəllim heyəti də iştirak edib.
Konfrans publisist, filologiya üzrə fəlsəfə doktoru, Azər Turan, Ellada Gərayzadə (Türkiyə), Əhməd Sami Elaydi (Misir) və Əkbər Əlyarın (İran) məruzələri ilə davam edib.
Qeyd olunub ki, qısa yaradıcılıq ömrü yaşamış unudulmaz dramaturq Azərbaycan ədəbiyyatı tarixində mənzum dramın əsasını qoymuş və mədəni irsimizə maraqlı, dərin fəlsəfi düşüncəyə malik obrazlar bəxş edib. Onun qələmindən çıxmış “Maral”, “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər” və başqa dram əsərləri ədəbiyyatımızın inciləri sırasına daxil edilib.
İllər keçir, lakin onun əsərləri bütün bəşəriyyəti düşündürməkdədir. Dramaturq həyatı boyu xalqı, vətənini sevmiş, onu azad görmək arzusunda olub.
Hüseyn Cavidin yaradıcılığına ən böyük qiyməti Ulu Öndərimiz Heydər Əliyevin “Cavid həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həqiqətən canından artıq sevdiyini” dediyi vurğulanıb.
Konfransda Hüseyn Cavidin sənət fəlsəfəsinin Azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu, Azərbaycan cavidşünaslığının estetik problemləri, XX əsrin əvvəllərində yaranan Azərbaycan romantizminin Avropa romantizmindən fərqli və oxşar cəhətləri, “Cavid teatrı”nın Azərbaycan milli mədəniyyətinin tərkib hissəsinə çevrilməsi kimi problemlər araşdırılıb və geniş müzakirə edilib.
Tədbirin bədii hissəsində Musiqi sənəti fakültəsinin tələbələri Can Akar, Nigar Xəlilova ədibin “Qız məktəbində” əsərinə yazılmış musiqini, Teatr sənəti fakültəsinin magistr tələbəsi Şamil İbrahimov isə "İblisin monoloqu"nu səsləndiriblər.