Avstriya Teleradiosu (ORF), Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam Orient” festivalının birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti kafedrasının əməkdaşları Vyanada “Salam Orient” (“Salam Şərq”) festivalı çərçivəsində “ORF Radiokulturhaus” konsert zalında keçirilən “Muğam və klassik musiqinin görüşü” adlı konsertdə iştirak ediblər.
Universitetin Muğam sənəti kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə muğam ansamblı, konsertmeyster Vüqar Əhədov və magistr tələbəsi, Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev müxtəlif təsnif, xalq və bəstəkar mahnıları ifa edib.
Konsertdə Azərbaycandan dəvət olunmuş muğam ansamblı və Vyanada təsis olunmuş klassik orkestrin birgə konserti musiqi rəngarəngliyi ilə yanaşı, öz beynəlmiləl xüsusiyyəti ilə də diqqəti cəlb edərək Avropa klassikası ilə Şərq musiqisinin keyfiyyətli və uğurlu sintezini tamaşaçılara təqdim etdiyi qeyd olunub. “Avstriya 1” (“Ö1”) radiosu tərəfindən lentə alınan konsert yaxın müddətdə radionun dünya musiqisinə həsr olunmuş verilişlərində səsləndirilməsi nəzərdə tutulur.