Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində növbəti Elmi şura iclası keçirilib. Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva şura üzvlərini salamlayaraq, ilk öncə Bakı Caz Festivalı 2017 çərçivəsində keçirilən “I am Jazzman” müsabiqəsinin qaliblərini təqdim edib. Rektor Musiqi sənəti fakültəsinin tələbələri Nurlan Abdullazadəni I yerə, Məhəmməd Məmmədlini II yerə layiq görüldüyü və Şəfiqə Abbasovanı iştirakçı sertifikatı qazandığı üçün təbrik edib.
Həmçinin rektor Dövlət Attestasiya Komissiyasının təsdiqi ilə professor adı almış Universitetin professor-müəllimlərini - Rafiq Quliyevi, Vamiq Məmmədəliyevi, Ceyran Mahmudovanı və Amin Novruzovu təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.
İclas Elmi şuranın gündəlik məsələləri ilə davam edib. Belə ki, Dövlət Attestasiya Komissiyasının sədrləri Musiqi sənəti fakültəsi üzrə Əməkdar İncəsənət xadimi, professor Yeganə Axundova, Kino və televiziya fakültəsi üzrə Əməkdar incəsənət xadimi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev, Rəssamlıq fakültəsi üzrə professor Tamilla Məmmədova və Kulturologiya fakültəsi üzrə fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyevin hesabatları dinlənilib.
Daha sonra Kino və televiziya fakültəsinin dekanı, dosent Mübariz Məmmədli 2016-2017-ci tədris ili üçün hesabatı haqda, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Nərmin Qaralova mətbuat xidmətinin fəaliyyəti barədə məlumat veriblər. Sonda cari məsələlər üzrə müzakirələr aparılıb.