Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Fransada yaşayan həmyerlimiz, Əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva olub.
Universitetlə yaxından tanış olan pianoçu, “Vernisaj” zalında professor-müəllim və tələbə heyəti ilə görüşüb. Adilə Əliyeva İnstrumental ifaçılıq kafedrasının tələbələri Leyla Fərəcovanın ifasında L.M.Gottschalkın “Souvenirs d’Andalousie”, Rafiq Bəkərovun ifasında Raxmaninovun op.33 nom.8 dis moll, Sahib Məmmədovun ifasında Şopen Plonezi (nom.1 A-dur) və Nigar Hüseynzadənin ifasında Listin Rapsodiyasını (nom.12) dinləyərək, onların ifasından razı qaldığını bildirib. Ustad-dərsi şəklində keçən bu görüşdə Adilə Əliyeva heç bir yerdə demədiyi ifa sirləri ilə məhz doğma Azərbaycanda gənc həmkarları ilə bölüşdüyünü qeyd edərək, onlara ifa ilə bağlı dəyərli məsləhətlər verib.
Qeyd edək ki, artıq 25 ildir Fransada yaşayan və Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmvətənimizin adına 22 ildir ki, Fransa və İsveçrədə Beynəlxalq Pianoçular müsabiqəsi təşkil olunur. Görkəmli pianoçu 50-dən çox ölkənin konsert salonunda çıxış edib, 30-dan artıq kompakt-disk müəllifidir.