GƏNC SOSİAL İŞÇİLƏR DƏRNƏYİ ADMİU TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜB
12.12.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tələbə Elmi Cəmiyyəti və Kulturologiya fakültəsinin təşkilatçılığı ilə Gənc Sosial İşçilər Dərnəyi Sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbələri ilə görüşüb. Görüşdə Universitetin Kulturologiya fakültəsinin II kurs tələbələri Şalan Novruzov və Aytac Talıbova, GSİD-in sədr müavini Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Cəmil Əhməd tələbələrə dərnək haqqında ətraflı məlumat verilib və “Fokus qrupu” metodu canlandırılıb, tələbələr ilə müxtəlif sosial problemlər müzakirə olunub. Gənc sosial işçilərin tələbələri ilə görüşündəki əsas məqsəd sosial iş ixtisasında təhsil alan tələbələrin, xüsusən də I kursların fəallığını və bu ixtisasa olan marağı artırmaqdır.
Gənc Sosial İşçilər Dərnəyi əsasən Sosial iş ixtisasında təhsil alan tələbələrdən ibarət gənclər təşkilatdır. GSİD-in yaradılmasında əsas məqsəd universitetlərdə təhsil alan tələbələri bir araya toplamaq, müxtəlif sosial problemlərə diqqət çəkmək, problemlərin həllində sosial işçilərin rolunu göstərməkdir.
Qeyd edək ki, Sosial iş peşəsinin təbliği istiqamətində Gənc Sosial İşçilər Dərnəyi müxtəlif formalarda fəaliyyət göstərir - müxtəlif sosial çarxlar, qısametrajlı filmlər, sorğular və kampaniyalar həyata keçirir. Eyni zamanda, Bakı və region universitetlərində də sosial işin təbliği ilə bağlı tədbirlər keçirilir.