Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın “Şərq Cazibəsi” kolleksiyasından olan geyimlər dünya şöhrətli Ermitaj Muzeyində yer alıb. Belə ki, muzeyinin direktoru akademik Mixail Piotrovski ilə imzalanmış razılaşmaya əsasən tanınmış modelyerin bir neçə işi muzeyə hədiyyə verilib.
“Ermitaj Günləri” çərçivəsində modelyerin geyimləri qalereyanın daimi kolleksiyasında sərgilənib. “Ermitaj”ın Dostları Klubuna üzv seçilən Fəxriyyə Xələfova həmçinin muzeydə açılacaq Moda Elm-Tədris Mərkəzində mühazirə və ustad dərsləri keçəcəyini vurğulayıb. Bildirib ki, “Tələbələr mərkəzdə müxtəlif geyim tərzləri, ayrı-ayrı xalqların modelyerlərinin dəstxətləri ilə tanış olacaqlar. Müxtəlif ölkələrin tanınmış modelyerlərinin cəlb olunacağı mərkəzdə gənc nəslin zövqü formalaşacaq.”
Qeyd edək ki, “Ermitaj Günləri” çərçivəsində açılan sərgidə azərbaycanlı modelyerin kolleksiyasından olan geyimlər böyük marağa səbəb olub. Tamaşaçılar, xüsusən gənc moda həvəskarları geyimlərin milli ornament və naxışları, orijinal biçimi ilə yaxından maraqlanıblar.