ADMİU-DA 28 MAY RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsi Respublika gününə həsr olunmuş “Tarixin dərinliklərindən süzülüb gələn Azərbaycan” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə Universitetin Kulturologiya fakultəsinin dekanı ,dosent Vasif Adilov açıb. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınaraq onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilib, dövlət quruculuğu təcrübəsinə hərtərəfli nəzər yetirilib.
Müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.
Tədbirdə həmçinin Universitetin professoru Aqşin Babayev “Heydər Əliyev və müstəqilliyimiz”, professor Nizaməddin Şəmsizadə “Azərbaycançılıq –müstəqillik fəlsəfəsi”, dosent Xaləddin Sofiyev “İstiqlal milli taleyimizdir”, Azərbaycan MEA-nın professoru Əlikram Tağıyev “Azərbaycan Xalq Cumhuriyyəti - Azərbaycan milli dövlətçiliyinin inkişafında xüsusi mərhələdir” mövzusunda geniş, maraqlı məruzələrlə çıxış ediblər. Tədbirdə “Dram-rejissoru” kafedrasının işçisi Səhla Heydərli “ Müstəqilliyimiz xöşbəxtliyimizdir”, tələbələrdən Xatirə Gülməmmədli (III kurs “Aşıq sənəti” ) “Osmanlı divanisi” havasını, Səlimli Aysel Məmməd Arazın “Azərbaycan dünyam mənim”, tarda Azər Bəhlulzadə (I kurs), kamançada Cahandar Xanlarov (II kurs) və xanəndə Rəvan Qocayevdən (I kurs) ibarət muğam üçlüyü muğam parçaları ifa ediblər.
Tədbir boyu Xalq Cumhuriyyətinin fəaliyyətini və Ulu öndər Heydər Əliyevin müstəqilliyimiz uğrunda apardığı işləri əks etdirən video slaydlar nümayiş olunub.