SƏMƏDAĞA CƏFƏROVUN 70 İLLİYİNƏ HƏSR OLUNAN YARADICILIQ SƏRGİSİ
SƏMƏDAĞA CƏFƏROVUN 70 İLLİYİNƏ HƏSR OLUNAN YARADICILIQ SƏRGİSİ
24.06.2016
Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin “Təsviri sənət” kafedrasında müəllimi, tanınmış rəssam, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvi, Səmədağa Cəfərovun 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisinin açılışı olub. Tədbirdə Xalq Rəssamı Xanlar Əhmədov, Əməkdar İncəsənət xadimi Arif Əziz və başqaları çıxış edərək Səmədağa Cəfərovun özünəməxsus yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, Səmədağa Cəfərov 1946-cı ildə Mərdəkan qəsəbəsində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1973-1978-ci illərdə Leninqrad şəhərində V.İ.Muxina adına Ali Rəssamlıq Məktəbində keramika və şüşə rəssamı ixtisası üzrə təhsilini davam etdirib.
Bütün iştirakçılara minnətdarlığını bildirən Səmədağa Cəfərov gələcək planlarından söz açıb. Bildirib ki, iyul ayında Bolqarıstanda keçiriləcək rəsm festivalında iştirak edəcək. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə rəssamın 50-ə yaxın rəngkarlıq və qrafika əsərləri nümayiş olunub.