Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində buraxılış imtahanları davam edir. Artıq ikinci ildir ki, Universitetin IV kurs kino və televiziya rejissorlarının buraxılış imtahanları Nizami Kino Mərkəzində keçirilir. İyul ayının 1-də keçirilən ilk imtahanda 5 televiziya rejissorunun “Son imtahan” (Elşən Şirbağırov, 25`), “Qu quşunun son nəğməsi” (Rəsul Kazımov – 21`), “Nağıllar aləminə səyahət ” (Fidan Cəfərova, 40`), “Müasir Azərbaycan gəncliyi” (Niyal Hüseynov, 18`) və “Yaddaşın izi” (Edqar Ravinov, 22`) adlı sənədli filmləri nümayiş olunub. Açıq şəkildə keçən buraxılış imtahanında Universitetin müəllim və tələbələri, eləcə də tələbələrin yaxınları, film həvəskarları iştirak edib. Azərbaycanın tanınmış sənət adamları- professorlar Aqşin Babayev, Rafiq Quliyev, Oqtay Babazadə, Aydın Dadaşov, xalq artisti Həmidə Ömərova, professor, Xalq artisti Yalçın Əfəndiyev, əməkdar incəsənət xadimi Rövşən Quliyev, universitetin dosenti Gülşən Qafarova, baş müəllim Göyçək Qafarovadan ibarət olan Yekun Dövlət Attestasiyası Komissiyanın üzvləri filmlərə baxışdan sonra Nizami Kino Mərkəzinin konfrans zalında hər bir tələbənin işini ayrı ayrılıqda müzakirə edib, layiqli qiymət veriblər.