Kvartet - dörd ağıllı insanın söhbətidi.
Yozef Haydn
 
Aprel ayının 16-sı “Səda” Tədris Teatrının səhnəsində “Avanqard” simli kvartetinin “Sevgi hekayələri” adlı ilk solo konserti baş tutub. 2014-cü ildə yaranan bu kvartet öz proqramı ilə bütün stereotipləri qırıb. Simli kvartet deyəndə ilk ağıla gələn akademik musiqi əsərləri olur. Repertuarında akademik, ciddi musiqi əsərləri ilə yanaşı estrada mahnıları da yer alan “Avanqard” simli kvarteti bu konsertdə öz məharətini bir daha göstərdi. Konsertin adından da məlum olduğu kimi proqramda sevgi mövzusunda olan əsərlər, daha dəqiq desək, XX əsrin Amerika və Avropa ölkələrinin retro mahnıları səsləndi. Proqramda əsasən filmlərdən saundtreklər ifa olunduğu üçün ifa zamanı ekranda filmlərdən səhnələr nümayiş olunurdu. Tamaşaçılar alqışları və konsertdən sonra xoş sözləri ilə onun çox uğurlu keçdiyini təsdiq etdilər.  
Kvartetin solistləri: Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi I skripka Murad Kərimov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi II skripka Hüseynağa Aslanov, kvartetin bədii rəhbəri və alt/viola ifaçısı Arif Aslanov, violoçeldə Bakı Musiqi Akademiyasının I kurs tələbəsi Əli Xəlilov.