ADMİU-DA XALQ ŞAİRİ, DRAMATURQ NƏRİMAN HƏSƏNZADƏ İLƏ GÖRÜŞ OLUB
ADMİU-DA XALQ ŞAİRİ, DRAMATURQ NƏRİMAN HƏSƏNZADƏ İLƏ GÖRÜŞ OLUB
20.10.2016
20 oktyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində xalq şairi, dramaturq Nəriman Həsənzadə ilə görüş olub. Qonağı əvvəlcə universitetin rektoru, professor Fərəh Əliyeva salamlayaraq onu ali məktəb ocağında görməkdən məmnunluğunu ifadə edib. Universitetin gənclərinin şairi tanımasını və onun əsərlərindən aktyor və rejissor tələbələrin öz dərs prosesində geniş istifadə etdiyini vurğuladı. Tələbələrin bu minvalla şairin əsərlərinin əbədi yaşadacaqlarını vurğuladı. Tədbiri açan universitetin prorektoru, professor Gülşən Əliyeva və filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə şairin ədəbi yaradıcılıq fəaliyyətindən danışdılar.
Professor-müəllim heyəti şairlə bağlı xatirələrindən söz açdılar və daha sonra qiraət ustadlarının ifasında Nəriman Həsənzadənin şeirləri dinlənildi.
Universitetin tələbələri ilə yanaşı digər universitetlərdən də Nəriman Həsənzadə ilə görüşə gələn tələbələr iştirak edirdi. Şairlə tələbələr arasında maraqlı diskussiya baş tutdu. Qısa zaman çərçivəsinə baxmayaraq onlar öz suallarına dramaturqdan ətraflı cavablar aldılar. Onların suallarına cavab olaraq şair əsərlərini yazarkən rastlaşdığı hadisələrdən və gənclik illərindən da maraqlı xatirələrini danışdı. Son illər ölkəmizdə mütaliə səviyyəsinin aşağı olmasından təəssüf hissi keçirən şair, gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini oxumağı tövsiyə etdi. Daha sonra ADMİU-nun tələbələri tərəfindən ərsəyə gəlmiş ədəbi nümunələr toplusu kitabını dramaturqa hədiyyə etdilər. Bu hala çox şad olduğunu qeyd edərək o, istedadlı gənc şairlərə daim özünün də dəstək olduğunu qeyd etdi.