Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə “Təhsil millətin gələcəyidir” layihəsinin növbəti təlimi keçirilmişdir. Layihənin girişində layihə rəhbəri Tural Bayramlı təlimdə keçiriləcək mövzular barədə qısa məlumat verdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov müasir texnologiyaların inkişaf etdiyi bu dövrdə gənclərə kitabların vacibliyini xatırladan bu layihə üçün layihə rəhbərinə öz təşəkkürlərini bildirdi və atılan bu addımlarda uğurlar arzuladı. Sonra isə təlimçi Mehdi Fərzəlizadə gənclərin kitaba marağının artırılması və səmərəli kitab oxumaq barədə bir çox faydalı məlumatlar verdi. Layihə maraqlı diskusiyalarla başa çatdı.