"TURİZM VƏ KİTABXANA-İNFORMASİYA FƏALİYYƏTİ" KAFEDRASI
ADMİU-nun Kultrologiya fakültəsinin Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrası 1 sentyabr 2001-ci ildən “İqtisadiyyat və informatika” kafedrası kimi təşkil olunub. 12 sentyabr 2018-ci ildə universitetdə yeni struktur dəyişikliyi ilə əlaqədar olaraq “İqtisadiyyat və informatika” kafedrası ilə “Kitabşünaslıq və kitabxanaçılıq” kafedrası birləşdirilərək “Turizm və kitabxana-informasiya fəaliyyəti” kafedrası yaradılıb. Kafedrada 2001-2022-ci illər ərzində iqtisad üzrə fəlsəfə doktoru, dosent Məleykə Hacı qızı Həsənova müdir vəzifəsində çalışıb. 29 mart 2022-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Səyavuş Elman oğlu Məhişov kafedraya rəhbərlik edir.
Kafedra respublikamızda cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla, ali təhsilin bakalavriat səviyyəsində “Turizm işinin təşkili”, “Turizm bələdçiliyi” və “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisasları, magistratura səviyyəsində “Turizm və otelçilik” ixtisasının “Sosial-mədəni sahələrdə xidmətin təşkili”, “Turizmin bələdçisi”, “Turizm və sosial-mədəni servis xidməti” ixtisaslaşmaları və “Menecment” (kino və televiziya, teatr, musiqi və muzey və qalereya sahələri üzrə) ixtisası üzrə yüksəkixtisaslı mütəxəssis kadrlar hazırlayır.
Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təhsil proqramlarında humanitar, ixtisasın peşə hazırlığı və ixtisaslaşma bölümü üzrə 120-a yaxın fənn tədris olunur. Bu fənlərin tədrisi sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri və prosesləri araşdırmağı və ixtisasa dair standart və qeyri-standart məsələləri həll et-mək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin etməyə imkan verir.
Kafedranın fəaliyyəti dövründə professor-müəllim heyətinin müxtəlif irihəcmli elmi-tədqiqat işləri ilə yanaşı, bir çox monoqrafiya, dərslik, dərs vəsaiti, tədris proqramı və metodik vəsaiti, eləcə də ölkəmizdə və xaricdə keçirilən beynəlxalq elmi konfransların materiallarında məruzələri və nüfuzlu elmi jurnallarda məqalələri dərc edilmişdir. Bunlardan “Turizmin əsasları”, “Mədəniyyət və incəsənət sahələrinin menecmenti”, “İctimaiyyətlə əlaqələr”, “Kompüter texnologiyaları”, “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti”, “Dünya mədəniyyət siyasəti”, “Avtomatlaşdırılmış kitabxana-informasiya prosesləri” və s. göstərmək olar. Bu işdə kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyavuş Məhişovun, kulturologiya elmləri doktoru, professor İlqar Hüseynovun, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ağamirzə İsfəndiyarovun, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Nizami Əsədovun, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazıminin, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Səbinə Babayevanın, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədovun, baş müəllim Nəzirə Əliyevanın, müəllimlər Kəmalə Məmmədova, Nigar Rəhimova və Natiq Mürsəlovun adlarını xüsusilə qeyd etmək olar.