SOSİAL-MƏDƏNİ FƏALİYYƏT" KAFEDRASININ MÜDİRİ
Mübariz Süleymanlı,
fəlsəfə elmləri doktoru, professor
Mübariz Aslan oğlu Süleymanlı 15 fevral 1962-ci ildə Sabirabad rayonunun Qəzli kəndində anadan olmuşdur. 1989-cu ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu “Kütləvi tamaşalar rejissoru” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən ADMİU-da çalışır. 2000-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktoru (“M.Ə.Rəsulzadə və Azərbaycan mədəniyyəti” mövzusunda), 2014-cü ildən fəlsəfə elmləri doktorudur (“XX əsrin əvvəllərində Azərbaycan kulturoloji fikri” mövzusunda). 2016-cı ildən professor vəzifəsində çalışır. 2020-ci ildən “Sosial-mədəni fəaliyyət” kafedrasının müdiridir.
2000-2008-ci illərdə ADMİU-nun “Tələbə Elmi Cəmiyyəti”nin sədri və AAK-ın dövri elmi nəşrlərinin siyahısına daxil olan “Mədəniyyət dünyası” jurnalının baş redaktoru olmuşdur. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası idarə heyətinin üzvü, Kulturoloqlar Cəmiyyətinin sədr müavini və “Simurq” kulturoloji jurnalının baş redaktor müavinidir. Türkiyədə nəşr edilən “Sosyologca”, “Sosyoloji yıllığı” və “Ege Üniversitesi Türk Dünyası İncelemeleri Dergisi” elmi jurnallarının redaksiya heyətinin üzvüdür. 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Mübariz Süleymanlı 5 monoqrafiyanın, 5 dərsliyin, 3 metodik vəsait və metodik tövsiyənin, bakalavr və magistratura təhsil pilləsi üçün hazırlanmış 10 fənn proqramının müəllifidir. O cümlədən, “Əhməd Ağaoğlunun ilk elmi əsəri: Şiə dinində məzdəki inancları”, “Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar”, “Azərbaycan kulturoloji fikir tarixindən” və “Kulturoloji irsin tədqiqi problemləri” monoqrafiyalarının müəllifi, Ahmet Ağaoğlunun “Mütareke ve sürgün hatıraları” adlı kitabın ön söz yazarıdır. Habelə, “Sosial-mədəni sahənin idarə olunması” və “Mədəni irs” dərsliklərinin müəllifi, “Muzeyşünaslıq”, “Tətbiqi kulturologiya” və “Turizmin əsasları” dərsliklərinin həmmüəllifidir. Respublika və beynəlxalq səviyyəli elmi nəşrlərdə, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) 100-dən artıq elmi məqaləsi dərc edilmiş və elmi məruzələrinin mətni 30-dan çox respublika və beynəlxalq səviyyəli konfrans və simpoziumun materiallarında çap olunmuşdur.