1965-ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə qədər Azərbaycan Dövlət Opera və Balet teatrının solistidir. Xanəndə bu teatrın səhnəsində muğam operalarında bir sıra yaddaqalan obrazlar: Məcnun və İbn-Salam (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”) obrazlarını yaratmışdır. C.Əkbərov xarici ölkələrdə - Almaniyada, Malidə, Avstriyada və b. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur. O, bir sıra müsabiqə və festivalların iştirakçısı və laureatı olub. Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə edib. Onun ifa etdiyi bütün muğam dəstgahları vallara və disklərə yazılıb. Hal-hazırda ADMİU-da “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışan sənətkar Universitetdə işlədiyi müddətdə qazandığı təcrübəni elmi müddəalara çevirərək “Muğamın bədii-estetik, fəlsəfi mahiyyəti və onun tədrisi problemləri”, “Zabul-Segah” ("Zabul-Segah" dəstghının digər segah qəbilli muğamlardan fərqli xüsusiyyətləri-Bakı, 2005. 14 s.), “Şur” muğamlarının özəllikləri haqda metodiki tövsiyələr yazıb.