Bu kafedra 2011-ci ildə təsis edilmişdur. Lakin şifahi ənənəli musiqimizin ulu kökünü təşkil edən bu qolunun tədrisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kifayət qədər zəngin ənənələrə malikdir. Bu baxımdan Mədəniyyət və İncəsənət Universiteti Azərbaycanda aşıq sənətini məqsədyönlü şəkildə tədris edən ilk ali tədris ocağıdır desək, səhv etmərik. Məlumdur ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irsin Reprezentativ siyahısına daxil edilmişdir. Bu, aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrdən biri kimi tarixi rolunu artıq beynəlxalq səviyyədə təsdiqləyir. Mədəniyyət və İncəsənət Universitetində bu qədim sənət növünün tədrisinə böyük qayğı və məsuliyyətlə yanaşılır.
“Aşıq sənəti” kafedrasında müasir aşıq ifaçılığının müxtəlif mühitlərini təmsil edən ən istedadlı nümayəndələri çalışır. Onu da qeyd edək ki, kafedrada pedaqoji fəaliyyətlə məşğul olan ifaçı - müəllimlər aşıq sənətinin müxtəlif ifaçılıq mühitlərini təmsil edirlər. Hal-hazırda kafedraya sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva rəhbərlik edir.