"MUSİQİ TARİXİ VƏ NƏZƏRİYYƏSİ" KAFEDRASI
Zəngin ənənələrə malik olan, müxtəlif adlar altında fəaliyyət göstərən, 2002-ci ildən isə Musiqi tarixi və nəzəriyyəsi kafedrası bakalavr təhsili üzrə Musiqişünaslıq və Musiqi müəllimliyi ixtisasları, magistratura təhsil üzrə İnstrumental ifaçılığın tarixi, nəzəriyyəsi və metodikası (musiqi alətləri üzrə), Etnomusiqişünaslıq və Xalq çalğı alətləri ifaçılığının tarixi, nəzəriyyəsi və metodikası ixtisaslarında kadr hazırlığı sahəsində fəaliyyət göstərir. Kafedranın professor-müəllim heyəti “Musiqi sənəti” fakültəsinin bakalavriat və magistratura pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələbələrə, həmçinin digər fakültələrin tələbələrinə musiqi-nəzəri və musiqi-tarixi fənləri tədris edirlər. Bütün tədris prosesi kafedranın əməkdaşları tərəfindən çağdaş metodoloji prinsiplərə istinadən hazırlanmış proqramlar, dərs vəsaitləri, metodiki tövsiyələr və dərsliklər əsasında aparılır.
Musiqi tarixi və nəzəriyyəsi kafedrası zəngin elmi potensiala malikdir. Kafedrada çalışan əməkdaşların elmi fəaliyyəti Azərbaycan musiqişünaslığının, demək olar ki, əksər istiqamətlərini əhatə edir. Kafedranın müəllimləri etnomusiqişünaslıq, tarixi və nəzəri musiqişünaslıq sahələri üzrə neçə-neçə elmi-tədqiqat əsərini ərsəyə gətirmişdir. Professor Fərəh Əliyevanın “Üzeyir Hacıbəyli – şəxsiyyət və cəmiyyət”, professor Ceyran Mahmudovanın “Emin Sabitoğlu”, professor Nailə Kərimovanın “Azərbaycan teatr musiqisinin təşəkkülü və inkişaf mərhələləri” monoqrafiyası, professor İradə Köçərlinin “Aşıq sənəti: sinkretizm və sintez problemləri”, professor Kamilə Dadaş-zadənin “Üzeyir Hacıbəyıi və aşıq sənəti: intertekstual dialoq” (rus dilində), dosent Ellada Hüseynovanın “Azərbaycan xalq musiqisi rus musiqi xadimlərinin tədqiqatlarında”, dosent Güllü İsmayılovanın “Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri” (ingilis dilində) və kafedranın digər əməkdaşlarının monoqrafiya və məqalələrində musiqi tarixinin müxtəlif məqamları geniş musiqişünaslıq təhlilinə cəlb olunmuşdur.
“Musiqi tarixi və nəzəriyyəsi” kafedrasının təşəbbüsü ilə bir sıra Beynəlxalq və Respublika səviyyəli elmi tədbirlər keçirilmişdir. Artıq 21 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq konfrans keçirir. Bu tədbirin fasiləsiz və davamlı xarakter alması konfransın mövzu və məramının böyük aktuallıq kəsb etməsinə dəlalət edir. “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda Beynəlxalq konfrans özünün elmi problematikasının əhəmiyyəti və mövzu dairəsinin genişliyi sayəsində ölkəmizin humanitar həyatında müəyyən mövqe qazanmışdır. Türksoylu xalqların mədəni inteqrasiyası və humanitar elmləri sahəsində qarşılıqlı əməkdaşlığına xidmət edən Beynəlxalq konfransda bu günə kimi bir sıra xarici ölkələrin (Türkiyə, ABŞ, Kanada, İngiltərə, Macarıstan, Ukrayna, Rusiya, İran və s.) mütəxəssislərı iştitak etmiş və yüzlərcə məruzə dinlənilmişdir. Elmi məruzələrdə türkdilli xalqların musiqi əlaqələrininin genetik və tipoloji xüsusiyyətləri, ümumtürk musiqi sisteminin metodoloji əsasları, müxtəlif janr səviyyələrində müşahidə edilən qarşılıqlı təsir və mübadilə və s. məsələlər öz əksini tapmışdır.
Kafedra təşkil olunduğu gündən Əməkdar incəsənət xadimi, professor Nailə Kərimova, sonrakı illərdə Əməkdar İncəsənət xadimi, professor Kamilə Dadaş-zadə (2004-2008) və Əməkdar Mədəniyyət işçisi, dosent Ellada Hüseynova (2008-2011) rəhbərlik etmişlər. 2011-ci ildən etibarən bu günə qədər həmin vəzifədə professor
Kamilə Dadaş-zadə çalışır.