Xalq çalğı alətləri ifaçılığının tədrisi sahəsində zəngin ənənələrə malik olan kafedra müxtəlif illərdə fərqli adlarla fəaliyyət göstərmiş, 2012-ci ildən etibarən “Xalq çalğı alətləri ifaçılığı” kafedrası adlandırılmışdır. Xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə təhsilin əsas məqsədi solist, ansambl və orkestr ifaçısı, pedaqoq kimi müstəqil peşə fəaliyyəti göstərmək üçün yüksək səviyyəli mütəxəssislər yetişdirməkdir. Bu ixtisas üzrə təhsil alan tələbələr klassik və müasir musiqi əsərlərini, muğamları, xalq rəqslərini professional səviyyədə ifa etməli, milli musiqi ənənələrini bilməli və onları inkişaf etdirməlidir. Eyni zamanda, xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə təhsil alan tələbələrə ifa etdikləri əsərlərin təfsiri problemləri, ansambl və orkestr tərkibində ifaçılıq xüsusiyyətləri, repertuar seçimi, konsertmeyster ustalığı, ixtisasla bağlı terminoloji aparat, ixtisas fənlərinin tədrisi metodikası və s. haqqında məlumat verilir ki, onlar gələcəkdə qazandıqları bütün bilik və vərdişləri innovativ şəkildə tətbiq edə bilsin.
Xalq çalğı alətləri ifaçılığı kafedrası tədris prosesi ilə yanaşı rəngarəng məzmunlu tədbir və konsertlərin təşkil olunmasına da böyük önəm verir. Onun nəzdində fəaliyyət göstərən Xalq çalğı alətləri orkestrin (dirijor Mustafa Aşurov) konsert və layihələri özünün orijinallığı ilə seçilir. Kafedra əməkdaşlarının zəngin təcrübəsi musiqi pedaqogikasının müasir prinsiplərinə əsaslanan tədris vəsaitlərində öz əksini tapmışdır. 2015-ci ildən kafedraya dosent Umud İbrahimov rəhbərlik edir.