SABAH qrupları müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir. Layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislərin yetişdirilməsidir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində SABAH Mərkəzi 2015-ci ildən bakalavriat səviyyəsində Aktyor sənəti və Rejissorluq ixtisasları üzrə fəaliyyətə başlayıb. Hazırda SABAH qruplarında II təhsil ili üzrə Aktyor sənəti ixtisasındə 6, Rejissorluq ixtisasında 5, III təhsil ili üzrə Aktyor sənəti ixtisasında 9, Rejissorluq ixtisası üzrə 4 tələbə təhsil alır.
SABAH qruplarına qəbul prosesi üç mərhələdən ibarətdir. Tələbələr I mərhələdə qeydiyyatdan keçirlər (akademik borcu olmamaq və ümumi orta müvəffəqiyyət göstəricisi 61 baldan az olmamaq şərti ilə), II mərhələdə məntiq və ingilis dilindən test imtahanı verirlər, III mərhələdə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi komissiya üzvləri tərəfindən müsahibə yolu ilə seçilirlər. SABAH qruplarında təhsil alan tələbələr xüsusi imtiyazlara malikdir. Birinci imtiyaz SABAH tələbələrinə əlavə təqaüdlərin verilməsidir. Əlavə təqaüd SABAH qruplarına qəbul olunmuş bütün tələbələrə, istər dövlət sifarişli, istərsə də ödənişli əsaslarla təhsil alan tələbələrə ödənilir. SABAH qruplarında təhsilin tələbələrə verdiyi bir üstünlük də rayon qeydiyyatında olan az təminatlı tələbələrin yataqxana ilə təmin olunmasıdır. Tələbələrin ölkədaxili qastrol səfərləri, hazırladıqları tamaşaların professional teatr səhnəsində nümayişi, teatr və kino festivallarında, müxtəlif layihələrdə iştirakı, bir sözlə auditoriyadakənar dərslərdə də inkişafı təmin olunur.
SABAH qruplarına müəllim seçimi müsahibə yolu ilə aparılır. Seçim zamanı müəllimin tədris təcrübəsi, tədris etdiyi fənn üzrə mövcud ədəbiyyatla tanışlığı, müasir tədris metodikalarından istifadəsi,kommunikasiya bacarıqları, ümumi dünyagörüşü, xarici dil səviyyəsi və s nəzərə alınır. Hal-hazırda ADMİU-nun SABAH qruplarında iki ixtisas üzrə 21 müəllim müxtəlif fənləri tədris edir.
SABAH mərkəzinin rəhbəri:
Talıbova Böyükxanım Böyükağa qızı
E-mail:
boyukxanim.mammadbayova@sabah.edu.az
SABAH Mərkəzini tyutoru:
Ələkbərova Könül Nəsib qızı
E-mail:
konulalakbarova@sabah.edu.az