
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil edilib. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Tədbirdə giriş sözü ilə çıxış edən ADMİU-nun Tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Rüstəmova müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndərimizin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu qeyd edib. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanılmış mühüm tarixi nailiyyətlərinin bir daha şahidi olduğumuz vurğulanıb. N.Rüstəmova qürur hissi ilə ifadə edib ki, intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. O, ölkəmizi dünyada layiq olduğu mərtəbəyə qaldıran Ümummilli liderin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi və zəngin dövlətçilik təcrübəsinə əsaslanan Azərbaycançılıq məfkurəsinin müasir gənclərimizə layiqincə təbliğ olunmasının əhəmiyyətindən bəhs edib. N.Rüstəmova əminliklə vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün də yaşayır və zəfər çalır.
Tədbirin davamında çıxış edən ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasını, heç də təsadüfi olmadığını bildirib. O, qeyd edib ki, Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, dahi şəxsiyyətin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər bu gün də öz bəhrəsini verir.
ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının müdiri, Əməkdar artist, dosent Azad Şükürov Ümummilli liderin mədəniyyət və incəsənətimizin böyük hamisi olan fenomen bir şəxsiyyət kimi teatr sənətinə verdiyi yüksək qiymət və dəyərdən ətraflı söz açıb. Heydər Əliyevin tamaşaların premyeralarına gəlməsindən, tamaşa bitdikdən sonra səhnə arxasına keçərək dramaturqla, rejissorla, rəssamla və ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət etməsindən və fikirlərini bildirməsindən bəhs olunub.
Növbəti çıxışda, ADMİU-nun Elm və yaradıcılıq üzrə prorektoru, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin iqtisadi-sosial sahəsində böyük nailiyyətlər əldə edildiyini qeyd edib. O, fəxarət hissi ilə vurğulayıb ki, geniş dünyagörüşlü, məlumatlı, hər sahədə təcrübəli olan Ulu öndər milli dəyərlərimizin bütün dünyada tanınması üçün əlindən gələni etmiş, mədəniyyət və incəsənət sahələrinin geniş təbliğ olunmasına şərait yaratmışdır. Prorektor bildirib ki, incəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da onun xidmətləri danılmazdır. Bir məqam da xüsusilə qeyd olunub ki, Azərbaycan kinosu bu qayğını və dəstəyi Ümummilli liderin hələ Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etdiyi dövrdə görüb.
Tədbir ADMİU-nun Səhnə danışığı kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehtiyevanın rəhbərliyi ilə hazırlanmış bədii kompozisiya ilə davam edib. Kompozisiyada Teatr sənəti fakültəsinin tələbələri Firuzə İsmayıl, Aydan Bağırova, Şahin Abdullayev, Əliağa Tapdıqlı və Kənan Hüseynovun ifasında Ümummilli liderə həsr olunmuş şeirlər səsləndirib.
Sonda Kitabxana-İnformasiya Mərkəzinin Ulu öndərin zəngin irsi, onun Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və elminin inkişafında rolu haqqında kitablardan ibarət hazırladığı sərginin açılışı olub.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.