ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafik informasiya resursu daxil olub. Bu nəşr Azərbaycan və rus dillərində Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafik mənbə kimi diqqəti cəlb edir. Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanan vəsaitin elmi redaktoru, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, professor Kərim Tahirovdur.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli” elan edilib. Sərəncamın icrasını təmin etmək məqsədilə 25 fevral 2022-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq sərəncama əsasən Şuşa ilə bağlı elmi nəşrlərin, audiovizual və çap materiallarının hazırlanması nəzərdə tutulub. Bu səbəbdən, tədbirlər planından irəli gələrək ADMİU-da yerli və xarici mütəxəssislərin iştirakı ilə Şuşaya həsr olunan elmi tədqiqat işlərinin aparılması, məqalə, elmi əsər, monoqrafiya, antologiyaların və s. hazırlanaraq nəşr olunmasında bu biblioqrafik mənbənin mühüm əhəmiyyət kəsb edəcəyi şübhəsizdir. Belə ki, dəyərli informasiya resursu Şuşanın tarixi, mədəniyyəti, musiqisi və ədəbi mühiti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitabları, dissertasiya və avtoreferatları, eləcə də dövri mətbuat və məcmuələrdə çap olunmuş zəngin məqalələri özündə əks etdirir. Kitabda Şuşa haqqında digər xarici dillərdə dərc olunan materiallar, habelə dünya milli və universitet kitabxanalarında mühafizə olunan ədəbiyyatlar ayrıca bölmələrdə verilib.
Biblioqrafiya “Ermənilərin Şuşa şəhərində həyata keçirdikləri soyqırımlar tarixi mənbələrdə (1905-1989)”, “Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi (1990-2020)”, “Şuşa Sən Azadsan!”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşaya səfərləri”, Şuşanın mədəniyyəti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı, ədəbiyyatı, görkəmli şəxsiyyətləri haqqında kitablarda, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materialları oxuculara təqdim edir. Göstəricidəki materiallar 1876-2021-ci illəri əhatə edir və ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, xronoloji çərçivə daxilində isə əlifba sırası gözlənilib. Göstəricinin istifadəsini asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Şuşa haqqında kitabların, məqalələrin adlar göstəricisi, Şuşa haqqında yazan müəlliflərin əlifba göstəricələri verilib.
ADMİU Kitabxana-İnformasiya Mərkəzində oxucuların “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafik informasiya mənbəyindən həm çap, həm də rəqəmsal variantda (
http://anl.az/down/SHUSHA.pdf) istifadəsi mümkündür.
© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.