17-19 may tarixlərində Ağdam rayonu Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Türkiyə Cümhuriyyəti Amasiya Universiteti və Ağdam rayonu İcra hakimiyyətinin təşkilatçılığı ilə 2022-ci il “Şuşa ili”nə həsr edilən Beşinci Beynəlxalq “Həmzə Nigari” Simpoziumu keçirilib.
Simpoziumun açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva, Ağdam rayonu İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Prof.Dr. Abbas Seyidov, AMEA Albanşünaslıq Mərkəzinin rəhbəri Prof.Dr. Qafar Cəbiyev, Amasiya Azərbaycan Türkləri Kültür və Sanat Həmrəylik Dərnəyinin üzvləri, İran Aşıqlar birliyinin üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatı İnformasiya bölməsi, A.A.Bakıxanov adına Tarix İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun, Ağcabədi və Şamaxı filialları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Univeristeti, Bakı Slavyan Universiteti, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Türkiyə Cümhuriyyəti Amasiya Universiteti, Diclə Universiteti, Uludağ Universiteti, Kayseri Fatma-Mustafa Hasçalık Məktəbi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Yazıçılar Birliyi, "CARÇI Express" jurnalı, Şirvan şəhəri 16 №-li tam orta məktəbdən olan alim və tədqiqatçılar, Ağdam rayonunun ziyalıları, Həmzə Nigari nəslinin nümayəndələri, ardıcılları iştirak ediblər. İştirakçılar əvvəlcə Ağdam şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirə-abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərimizin və Həmzə Nigarinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar və məruzələrdən sonra bədii hissə keçirilib. Simpoziumun bədii hissəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli tərəfindən hazırlanıb. Bədii hissədə əvvəlcə Həmzə Nigari nəslinin nümayəndəsi, bəstəkar, əməkdar incəsənət xadimi Nazim Paşa Quliyevin bəstəsi olan “Laçın şikəstəsi - Nigari” əsəri dinlənilib. İlk dəfə Ağdamda təqdim olunan şikəstəni ADMİU-nun “Musiqi sənəti” fakültəsinin "Xalq çalğı alətləri ifaçılığı" kafedrasının orkestri ifa edib. Bədii rəhbər və dirijor Respublika və Beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurov, solistlər Azərbaycan Respublikasının Əməkdar artistləri Zakir Əliyev və Nuriyyə Hüseynova Laçın şikəstəsi ilə yanaşı, Emin Sabitoğlunun “Dədə Qorqud” suitası və Üzeyir Hacıbəylinin “Çırpınırdın Qara dəniz” (orkestr üçün işləyəni Mustafa Aşurov) əsərini ifa ediblər. ADMİU-nun “Teatr sənəti” fakültəsinin “Dram rejissorluğu və səhnə plastikası” kafedrasının rəqs qrupu sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ofeliya Zeynalovanın bədii rəhbərliyində "Cəngi", “Türk rəqsi”, "Qarabağ yallısı" rəqsləri təqdim edib. ADMİU-nun muğam triosu (Solist: Rəvan Qaçayev. Müşayət edirlər: tarda Emil Mirzəyev, kamançada Fərrux Haşımlı) "Qarabağ şikəstəsi"ni, Bəhruz Aslanovun bədii rəhbərliyində Ağdam Musiqi kollecinin “Qarabağ” İnstrumental ansamblının "Əql yar musiqi kompozisiyası"nı, respublika üzrə bədii qiraət müsabiqəsinin laureatları Fərid Bağırov və Ağaəli Kərimzadə Həmzə Nigarinin "Ğəzəli meraci" və "Ğəzəli şükri", Elnur İsmayılov "Aşiq oldum gene taze", Muharrem Yenigün isə "Haqqam" şeirlərini, Qazax rayonu Aslanbəyli kəndindən Məzahir Yaqubov Həmzə Nigari Divanından seçmələri, Amasiya İl Kültür müdiri Osman Akbaş özünün bəstələdiyi Həmzə Nigari ilahilərini, İran Aşıqlar Birliyinin folklor qrupu (qrup rəhbəri, ustad Aşıq Səlcuq Şahbazi) Qarabağa həsr olunan aşıq havalarını ifa ediblər.
Mayın 18-də Simpozium Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzində iki zalda dörd bölmədə öz işini davam etdirib. Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçının Həmzə Nigari araşdırmaları, İsmayıl Şirvani araşdırmaları, Nəqşibəndilik araşdırmaları, Xəlvətilik araşdırmaları, Sufizm araşdırmaları, İslam araşdırmaları, Türk dünyası araşdırmaları, Qafqaz araşdırmaları, Qarabağ araşdırmaları, Şuşa şəhəri araşdırmaları, Bərpa və konservasiya araşdırmaları, Ədəbiyyat araşdırmaları, Sənətşünaslıq araşdırmaları kimi mövzularda məruzələri dinlənilib. Simpozium günlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət İqtisad Univeristetinin tələbələrinin Qarabağa və Həmzə Nigariyə həsr etdiyi rəsm əsərləri və dekorativ–tətbiqi sənət nümunələrinin sərgisi nümayiş olunub.
Mayın 19-da Simpozium iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhəri və Ağdam rayonunun kəndlərində tarix-mədəniyyət abidələrini, o cümlədən, Qarapirimli kəndindəki Qarapirimli xanəgahı və Nigar nənə türbəsini ziyarət ediblər.