Bu il fevral ayının 18-dən universitetin Kulturologiya fakültəsinin IV kurs və ADMİU nəzdində Bakı Humanitar Kollecin III kurs Kitabxanaçılıq və informasiya ixtisası üzrə tələbələri Kitabxana-informasiya Mərkəzində təcrübə keçiblər. Təcrübədə iştirak edən 15 nəfər tələbənin hamısı müvafiq qaydada təlimatlandırıldıqdan sonra mərkəzin iş şəraiti və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumatlandırılıblar.
Mərkəzdə tətbiq olunan “İRBİS-64” Avtomatlaşdırılmış Kitabxana Sistemi əsasında tələbələr kitabxana-biblioqrafiya və informasiya proseslərinin elektron¬laş¬dı¬rılması ilə yaxından tanış olublar. Tələbələr sahəvi sənəd-informasiya fondlarının ADMİU-nun fakültələrində təşkil edilən tədris proqramlarına və elmi-tədqiqatların istiqamətlərinə uyğun çap və elektron nəşrlərlə komplektləşdirilməsi və sənədlərin elmi sistemləşdirilməsi sahəsində mərkəzin iş təcrübəsini hərtərəfli öyrəniblər. Onlar, bu müddət ərzində mərkəzin sənəd-informasiya fondunun istifadəsi, təbliği və mühafizəsinin təşkili, elmi-tədqiqatların və təhsilin analitik-informasiya təmi¬natı istiqamətləri üzrə həyata keçirilən işlərə cəlb olunublar, oxuculara kitabxana-biblioqrafiya və informasiya xidmətinin tam və operativ qaydada həyata keçiril¬məsinə böyük maraq göstəriblər. Tələbələrin praktiki hazırlığına mərkəzin müdiri Tamilla Əsgərova rəhbərlik edib.
Təcrübə müddətində tələbələr Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə də əyani tanış olublar. Tələbələr öncə UNEC KİM-in əsaslı kitabxanası və 1 saylı kitabxanasının iş təcrübəsini öyrəniblər. Onlar kitabxanada kitabın texniki işlənməsi və çiplənməsi, oxuculara ənənəvi və elektron formada kitab verilişinin təşkili, resursların kitabxanadaxili istifadəsi, elektron kataloq və məlumat bazaları ilə iş proseslərini əyani olaraq izləyiblər. Tələbələr daha sonra UNEC KİM-in 24/7 kitabxanasına baş çəkib, buradakı texnologiyalar, zəngin kitab fondu, elektron kataloqda axtarış prosesləri ilə tanış olublar. Sonda tələbələrin kitabxana proseslərinə dair sualları cavablandırılıb.