Mayın 31-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrinin qurulmasının 30 iliyinə həsr olunmuş “Mia İtalia” adlı tədbir keçirilib.
“Paralel dünyalar” layihəsi çərçivəsində baş tutan tədbirdə İtaliyanın Azərbaycandakı səfiri və səfirlik nümayəndələri, universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, ölkənin aparıcı və qocaman bədii ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin (2023) qeyd olunması kontekstində, “99+1” proqramı çərçivəsində “Paralel dünyalar” layihəsinin növbəti mərhələsi təqdim olunur. Layihə çərçivəsində artıq Macarıstan və Yunanıstana tədbirlər həsr olunduğunu və ADMİU-nun müəllimləri, tələbələri tərəfindən hazırlanan tədbirdə hər iki ölkə səfirliyinin də uğurla təmsil olunduğunu bildirən rektor deyib ki, layihənin məqsədi xarici ölkələrin səfirlikləri ilə ortaq tədbirlərin keçirilməsidir. Bildirilib ki, İtaliyaya həsr olunan bu tədbir sözügedən layihənin 3-cü tədbiridir.
Qeyd olunub ki, Azərbaycanın dünyaya inteqrasiyasıyanı, dünya ölkələri ilə olan qarşılıqlı tarixi-mədəni münasibətlərinin bədii interpretasiyasını, mövcud vizual stereotipləri açıqlayan layihə Universitetin təhsil və bədii yaradıcılıq müstəvisində mübadiləni gücləndirməyə yönəlib. Hazırkı tarixi məqamda, 2022-ci ildə Azərbaycan bir sıra ölkələrlə diplomatik münasibətlərinin qurulmasının 30 illik ildönümlərini qeyd edir. Bu layihədə də məqsəd ölkəmizdə fəaliyyətdə olan səfirliklərin və ADMİU-nun tələbələrinin ortaq tədbirləri vasitəsilə hər iki yubileyi qeyd etmək, davamlı və dayanıqlı əməkdaşlıq formalaşdırmaqdır. Rektor bildirib ki, universitetin universallığını nəzərə alaraq, burada bütün fakültələrin cəlb edilməsi xüsusi vurğulanır. C.Mahmudovanın sözlərinə görə, keçirilən tədbirlərdə universitetin bütün fakültələrinin cəlb olunması artıq ənənə halını alıb.
“Paralel dünyalar”ın növbəti tədbirinin Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 30 illiyinə həsr olunduğunu deyən rektor, iki ölkə arasında mnasibətlərin keçmişə dayandığını və gündən günə inkişaf etdiyini də vurğulayıb.
İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Klaudio Taffuri çıxışında belə bir tədbirin əhəmiyyətindən danışıb və əməyi keçənlərə təşəkkürünü bildirib. O qeyd edib ki, müasir mərhələdə Azərbaycan və İtaliya arasında mövcud olan strateji əməkdaşlıq dərin tarixi köklərə və mədəni mübadiləyə əsaslanır. Qədim Roma dövründən başlayaraq, Orta əsrlərdə xüsusi əhəmiyyətə malik olan siyasi, iqtisadi və ticari əlaqələr, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə yeni formatlarda davam edir. Bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə və mədəniyyət sahəsində daha geniş vüsət alacağına inandığını deyən səfir bu işdə hər iki tərəfin eyni dərəcədə maraqlı olacağını vurğulayıb.
Lahihənin rəhbəri ADMİU-nun Rektor müşaviri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxışında qeyd edib ki, universitet hər zaman müxtəlif ölkələrin səfirlikləriylə sıx əməkdaşlıq içərisində olub. “Paralel dünyalar” layihəsi çərçivəsində keçirilən tədbirlərin formatı isə hər iki tərəfin bədii fəaliyyətini vurğulayır. O, qeyd edib ki, tədbirlərin məzmunu seçilən ölkələrin tarixi, mədəniyyəti və incəsənətinin təqdimatının fərdi bədii interpretasiya formatında işlənməsidir. 2023-cü il üçün isə layihənin davamı nəzərdə tutulub. Bildirilib ki, ADMİU-nun təhsil proqramlarında İtaliya incəsənətinin nailiyyətlərinin əks olunması, akademik rəngkarlıq, musiqi, teatr ənənələrinin tətbiqi, dizayn sahəsində təsirləri layihəni ilhamlandıran amillərdən oldu. Məhz bu baxımdan təqdim olunan layihə fakültələrarası formatda tərtib olunub və sinkretik xarakter daşıyır.
Daha sonra qonaqlar Rəssamlıq fakültəsinin tələbələri tərəfindən (bədii rəhbər: Əməkdar rəssam Rəşad Cabarov) təqdim olunan və İtaliyanın tanınan motivlərini, mənzərə və obrazlarını özünəməxsus tərzdə və fərqli texnikalarda əks olunduğu “Mia İtalia/Mənim İtaliyam” sərgisi ilə tanış olublar.
İkinci hissədə Musiqi fakültəsinin illər boyu dillərdə olan İtaliya musiqisinin incilərindən ibarət “Amore mio/Sevdam” konsert proqramı (bədii rəhbər: Məryəm Babayeva) təqdim olunub. Burada fakültənin tələbələri tərəfindən Neapol mahnıları, əfsanəvi San Remo festivalının seçmələri səsləndirilib.
Proqramın davamında təqdim olunan “Rinascimento. Amore eterna/İntibah.Əbədi eşq” adlı geyim kolleksiyası müvafiq ixtisas üzrə təhsil alan tələbələr tərəfindən hazırlanıb (bədii rəhbər: Aysel Əzizova). Son illərin dəbi olan “Renaissancecore” üslubuna müraciət edən tələbələrin interpretasiyasında Mikelanjelo, Fra Anjelo, da Vinçinin, Jentileski və sair rəssamların bədii motivləri yeni formatlarda canlandırılıb.
Sonda tədbirin hazırlanmasında əməyi olan hər kəsə sertifikatlar təqdim olunub.