Sürətlə inkişaf edən dünyanın təzahürü əlbəttə ki, mədəniyyət aləmindən də yan keçmir. Müasir texnologiya, hər dəqiqə baş verən yeniliklər, dəyişikliklər ifaçılıq sənətinə də öz təsirini göstərir. Yaradıcı insanların ümdə vəzifəsi isə bu yeniliklərə uyğunlaşaraq gələcək nəslin inkişafını düzgün şəkildə yönəltməkdir. Məhz bu baxımdan da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyinin göstərişi və Musiqi sənəti fakültəsi “İnstrumental İfaçılıq” kafedrasının təşəbbüsü ilə 2018-ci ildən etibarən “Sürət və cürət” etüd müsabiqəsinə start verilib. Müsabiqənin əsas məqsədi musiqi sənətinin ən parlaq nümunələrini tələbələrin ifasında nümayiş etdirərək ifaçılıq sənətinin bütün incəliklərini, mürəkkəbliyini gələcək nəslə çatdırmaqdır.
Bu il may ayında keçirilən müsabiqədə universitetin tələbələri ilə yanaşı, ADMİU nəzdində Humanitar Kollecin tələbələri də iştirak ediblər. “İnstrumental ifaçılıq” kafedrasının təşkilat komitəsinin tərtib etdiyi şərtlər üzrə keçirilib. ADMİU-nun Vernisaj zalında keçirilən müsabiqənin açılış konsertindən sonra püşkatma mərasimi keçirilib. İfa günləri təyin olunan müsabiqənin I tur iştirakçıları, müsabiqənin münsiflər heyətinin qiymətləndirilməsindən sonra növbəti II tura keçid alıblar. Müsabiqənin münsiflər heyətinə Xalq Artisti, professor Yeganə Axundova sədrlik edibi. Münsiflər heyətinin tərkib hissəsinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının müdiri, professor Zemfira Abdullayeva, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllimi Mehriban Məmmədova, Əməkdar Artist, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, professor Töhfə Babayeva, Bakı Musiqi Akademiyasının baş müəllimi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Anar Məmmədov və T.Quliyev adına musiqi məktəbinin müəllimi, gitara ifaçısı Said Bəşirov daxil idi.
Onu da qeyd edək ki, müsabiqənin əsas özəlliyi repertuara daxil olan klassik əsərlərlə yanaşı, Əməkdar İncəsənət Xadimi, professor Elnarə xanım Dadaşovanın məhz müsabiqə üçün xüsusi yazdığı etüdün mütləq əsər kimi ifa olunması idi. Müsabiqə iştirakçılarının ifasında etüdün dinləməsi üçün müəllif, professor E.Dadaşova müsabiqəyə xüsusi qonaq olaraq dəvət olunub. “Qala konsert” günü, “E.Dadaşova etüdünün ən yaxşı ifaçısı” adına layiq görülən, ADMİU-nun III kurs tələbəsi Məryəm Şirinzadəyə mükafatı müəllif şəxsən təqdim edərkən bu kimi müsabiqələrin keçirilməsi ifaçı-tələbələrin bədii inkişafı üçün nə qədər önəmli olduğunu xüsusi vurğulayıb.
Sonda “Sürət və Cürət” etüd müsabiqəsinin qalib və iştirakçıları xüsusi diplom və sertifikatlarla mükafatlandırılıblar. Beynəlxalq Muğam Mərkəzində keçirilən Qala konsertdə “İnstrumental İfaçılıq” kafedrasının müəllimləri ilə birgə ADMİU-nun həmçinin, Humanitar Kollecin müsabiqə qalibləri çıxış edib və öz ifalarını bir daha geniş tamaşaçı auditoriyasına nümayiş etdiriblər.