Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin “İnstrumental İfaçılıq” kafedrasının baş müəllimi, gənc viola ifaçısı Süleyman Babakişizadənin rəhbərliyi ilə Tələbə Kamera Orkestrinin Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin əsərlərindən ibarət konserti təşkil olunub. Q.Qarayevin xatirəsini müasir ifaçı-musiqiçilərdə yaşatmaq məqsədi ilə konsertdə ifa olunan əsərlərin S.Babakişizadə tərəfindən seçimi təsadüfi deyildir. Çünki bəstəkarın erkən yaşda simli kvartet orkestri üçün yazdığı “Kvartettino” və “Klassik süita” kimi əsərləriməhz onun gələcək üslubunun bir çox cizgilərini özündə əks etdirən əsərlərdir.
Konsertdə ifa olunan əsərlər haqqında geniş və ətraflı məlumat verən, Mədəniyyət Nazirliyi İncəsənət və Qeyri-maddi Mədəni İrs şöbəsinin müdir müavini Sara Timurova tamaşaçıların diqqətini ən çox ona yönəldib ki, çağdaş Azərbaycan musiqi mədəniyyətinin yetirdiyi ən böyük simalardan biri olan, Qarayevin “Kvartetino” əsəri musiqi mədəniyyəti tarixində bu zamanadək ifa olunmayan və səslənməyən bir əsərdir. Hətta musiqişünaslar üçün mübahisəli bir sorğu olan, adı belə müəllif tərəfindən dəqiqləşməyən bu əsəri məhz Süleyman Babakişizadə 2017-ci ildə Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən bəstəkarın əlyazmasını əldə edərək simli kvartetlə işləyib. Və ilk dəfə simli kvartet üçün yazıldığına görə “Kvartetino” adlanan əsər 2018-ci il, X Qəbələ Beynəlxalq Musiqi Festivalında tamaşaçılara, Qarayev musiqisevərlərə təqdim olunub. Böyük maraq və sevgi ilə qarşılanan əsər növbəti dəfə Bakıda, Beynəlxalq Muğam Mərkəzində səslənib. S.Timurova öz çıxışında onu da qeyd edib ki, Q.Qarayevin ölümündən 40 illər keçməsinə baxmayaraq, onun 1942-ci ildə yazdığı, lakin dərc və ifa olunmayan bu kimi maraqlı əsərinin tapılıb, yenidən musiqisevərlərə təqdim olunmasında S.Babakişizadəyə böyük təşəkkür və minnətdarlıq düşür.
Gecədə “İnstrumental İfaçılıq” kafedrasının müəllim və tələbələrindən ibarət Kamera Orkestrinin ifasında səslənən növbəti, Q.Qarayevin tələbələrindən biri olan, Xalq artisti Azər Dadaşovun 3-cü simfoniyası da səsləndirilib.