İyunun 12-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Teatr sənəti" fakültəsinin II kurs TKA "B" qrupu tələbələrinin ifasında Xalq yazıçısı Elçin Əfəndiyevin "Mənim sevimli dəlim" tamaşası nümayiş etdirilib.
Yerli sakinlərin, şəhərin qonaqlarının, gənclərin, Universitet və kollec tələbələrinin izlədikləri tamaşadan öncə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək tələbə aktyorları salamlayıb və aprel ayında ADMİU-nin rektoru, professor Ceyran Mahmudova, eləcə də universitetin müəllim-tələbə heyəti ilə keçirdiyi işgüzar görüş barədə danışıb və bildirib ki, bu gün tələbələrin Lənkəran səhnəsində oynadıqları bu tamaşa da həmin görüşdə əldə olunan razılaşmanın nəticəsidir.
Kurs rəhbəri, Əməkdar artist, dosent, tamaşanın quruluşçu rejissoru Yaqut Paşazadə isə öz növbəsində xoş və səmimi münasibətə görə Lənkəran teatrının rəhbərliyinə və kollektivinə, bütün lənkəranlılara minnətdarlığını bildirib.
Daha sonra tələbə-aktyorlardan Elşad Şirinov, Könül Nəzərova, Yusif İsmayılov, Zeynəb Əliyeva, Nicat İsgəndərov, Briliyant Zeynalova, Əsmər İsmayılzadə, Nərmin Quliyeva, Anar Həsənzadə, Abbas Qənbərov, Səbinə Hüseynova, Ləman Səlimova, Fidan Ağazadə, Əli Əsədov və Aydan Məhərrəmova ifasında “Mənim sevimli dəlim” tamaşası təqdim olunub.
Sovet İttifaqının dağıldığı dövrdə insanların çaşqınlığına, cəmiyyətdəki anlaşılmazlıqlara həsr olunan tamaşada hadisələr 1991-ci ildə respublikamızda yaranmış ictimai-siyasi vəziyyətin müxtəlif cəhətlərini əks etdirir.
Qeyd edək ki, səfər çərçivəsində tələbə-aktyorlar Lənkəran teatrında yaradılmış şəraitlə də yaxından tanış olublar.