Yanvarın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşı şəhid məzun Süleyman Bağırovun 30 illik yubileyi və qızının 1 yaşı münasibətiylə şəhidin məzarını ziyarət edib, ailəsiylə görüşüblər.
Şirvan Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edən ADMİU-nun prorektoru Sədaqət Əliyeva, Rəssamlıq fakültəsi "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müdiri, dosent Aslan Xəlilov və başqaları şəhidlərimizin hər zaman xalqımızın qəlbində yaşadığını, onların xatirəsinə və ailəsinə diqqət, qayğının hər kəsin borcu olduğunu deyiblər. Universitetin şəhid və qazi məzunlarıyla hər zaman fəxr etdiyini deyən müəllimlər ali təhsil ocağında da onların xatirəsinin əbədi yaşadılacağını vurğulayıblar.
Sonra şəhid Süleyman Bağırovun evində ailəsi ziyarət olunub. Şəhidin anası, atası və həyat yoldaşı onunla bağlı xatirələrini bölüşüb, onun arzularını qızı Nilufərdə həyata keçirəcəklərini deyiblər.
Ziyarətin sonunda S.Bağırovun qızı Nilufərin bir yaşı münasibətiylə ad günü tortu kəsilib. Şəhidlərimizin gələcək nəsillərin azad-firavan həyatı üçün öz canlarından keçdiyi, Nilufərin timsalında bütün şəhid övladlarının adında şəhidlərimizin yaşadığı, həyatın məhz onların sayəsində davam etdiyi bildirilib.
Qeyd edək ki, ADMİU-nun məzunu, Vətən müharibəsi şəhidi, leytenant Süleyman Bağırov 25 yanvar (sənəddə 1 fevral) 1992-ci ildə anadan olub. Onun vətənə əmanət qızı Nilufər isə atasının şəhadətindən dörd ay sonra- 28 yanvar 2021-ci ildə dünyaya göz açıb.