
İyulun 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsi "Təsviri sənət" kafedrasının müdiri, Əməkdar rəssam Rəşad Cabarovun anadan olmasının 45 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitet və fakültə rəhbərliyi, yubilyarın müəllim həmkarları, ailə üzvləri və tələbələr iştirak ediblər.
Yubiley tədbirində Əməkdar rəssamın həyat və fəaliyyətini mövzu alan sənədli film təqdim olunub. ADMİU-nun 2022-ci il Rejissorluq ixtisası üzrə məzunu Ataxan Əliyevin rejissorluğu və ssenari müəllifliyi ilə çəkilən filmdə rəssamın öz dilindən həyata və sənətə baxışı, əsərlərinin məna qatları öz əksini tapıb.
Filmin nümayişindən sonra ADMİU-nun Kino və Televiziya fakültəsinin dekanı Elnur Mehdiyev çıxışında filmin ərsəyə gəlməsindən danışıb və bunu sənətə, sənətkara verilən dəyər adlandırıb.
Rəssamlıq fakültəsi "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müdiri Aslan Xəlilov rəssamın şəxsiyyəti və sənəti haqqında öz fikirlərini bölüşüb, onu təbrik edərək yeni-yeni uğurlar arzu edib.
Sonda çıxış edən yubilyar R.Cabarov göstərilən diqqətə görə başda rektor Ceyran Mahmudova olmaqla universitet rəhbərliyinə, filmdə zəhməti keçənlərə və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.