Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudova və Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin Fransada 3–7 oktyabr tarixlərini əhatə edən təlim proqramında iştirak edirlər.
Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsindəki səfərin ilk görüşü Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilib. Burada layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri, prorektorlar, o cümlədən, digər səlahiyyətli universitet nümayəndələri iştirak ediblər. Təşkilatın beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq bütün qonaqları salamlayıb və Fransada görməkdən məmnunluğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsindəki sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğlayıb.
Daha sonra Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda iştirak edərək “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxıb edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barəsində təcrübələrini bölüşüb. Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.