ADMİU-NUN PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN NƏŞRLƏRİ BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ
ADMİU-NUN PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN NƏŞRLƏRİ BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ
10.10.2022
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi 5 oktyabr 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Ekspo Mərkəzində təşkil etdiyi VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunub. Kitab və mütaliənin təbliği, həmçinin Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, kitabxanalararası yeni əlaqələrin yaradılması, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək məqsədilə keçirilən sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib. Respublikanın görkəmli ziyalıları, mədəniyyət xadimləri, alimlər və ictimaiyyət nümayəndələri, eləcə də əcnəbi qonaqların iştirak etdiyi sərgidə ADMİU-nun professor-müəllim heyətinin nəşrləri geniş ictimaiyyətin diqqətinə çatdırılıb. Kitabxana-İnformasiya Mərkəzinin təmsil olunduğu stend zəngin resursları ilə müxtəlif kateqoriyadan olan ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqlar mədəniyyət və incəsənətin müxtəlif məsələlərinə dair 2018-2022-ci illərdə nəşr olunmuş əsərlərlə yaxından tanış olmaq imkanı əldə ediblər. Qeyd edək ki, ADMİU 5-9 oktyabr tarixində keçirilən Bakı Beynəlxalq Kitab sərgisində fəal iştirakına görə Mədəniyyət Nazirliyi tərəfindən xüsusi sertifikatla təltif olunub.