Oktyabrın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Batika sərgisi keçirilib. “İpək kimi” adlı sərgidə ADMİU-nun Rəssamlıq fakültəsinin “Təsviri sənət” kafedrasının təsviri incəsənət müəllimliyi ixtisası üzrə məzun və II kurs tələbələrinin əsərləri nümayiş etdirilib. “Təsviri sənət” kafedrasının müəllimi Şəhla Abbasovanın rəhbərliyi ilə keçirilən sərgidə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və sənətsevərlər iştirak ediblər.
Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qeyd edib ki, bu sərgi 2022-2023-cü ildə universitetin ilk rəsm sərgisidir və əsas özəlliyi tələbələrin əsərlərindən ibarət olmasıdır. Bütün tələbələrə uğurlar arzulayan rektor bu sərgilərin davamlı olacağını bildirib.
Daha sorna Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, “Təsviri sənət” kafedrasının müdiri Rəşad Cabarov, “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri Aslan Xəlilov, Xalq rəssamı Xanlar Əhmədov və “Dizayn və dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, Xalq rəssamı, professor Arif Əziz çıxış edərək sərginin özəlliklərindən danışıb, tələbələrə gələcək yaradıcılıqlarında uğurlar arzu ediblər.